18/03/2019 18:38
728 x 90

Azərbaycan Paşinyanın pozucu siyasətinə qarşı "B" variantını işə salır

Arzuxan Əlizadə: “Keçiriləcək təlimlər fonunda Ermənistana hərbi təzyiqlər artırılmalıdır”

img

“Düşmən tərəfi danışıqları sabotaj etməkdə davam edəcəksə, o zaman işğalçıya zərbə endirilməlidir”

Məlum olduğu kimi, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 11-dən 15-dək Müdafiə nazirinin rəhbərliyi altında genişmiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcək. Eyni zamanda, təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq. O da məlumdur ki, Ermənistan müxtəlif bəhanələrlə Dağlıq Qarabağ danışıqlarından yayınır. Sözügedən genişmiqyaslı hərbi təlimlər də Ermənistan rəhbərliyinin son günlər Qarabağ danışıqlarından yayınmaq və provokativ bəyanatlarına bir mesajdır. Məsələ ondadır ki, Ermənistan rəhbərliyinin danışıqlarda destruktiv siyasəti Azərbaycanın hərbi müstəvidə fəallaşmasına təkan verir. ATƏT sədri ilə Prezident İlham Əliyevin son görüşündə belə aydın oldu ki, Azərbaycan danışıqlar xatirinə danışıqların aparılmasında maraqlı deyil. Azərbaycan real danışıqların aparılmasında maraqlıdır. Ermənistan münaqişənin həllinə yönəlik danışıqların aparılmasını istəmirsə, o zaman hərbi variant gündəmə gəlir. Bu da cəbhədə Ermənistan orudusuna lokal zərbələrlə müşaiyət oluna bilər. Bu da bir neçə ay davam edən və cəbhədə nisbi sakitliyə səbəb olan Düşənbə razılaşmasının sona çatması deməkdir. Göründüyü kimi, danışıqlar prosesində irəliləyiş üçün Paşinyan siyasi iradə göstərə bilmir. Belə olan halda hərbi təzyiqlərin artırılmasını və keçiriləcək genişmiqyaslı hərbi təlimləri ekspertlər necə dəyərləndirir?

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, işğalçı tərəf danışıqlarda kompromisə getmədiyi üçün Ermənistana hərbi təzyiq artırılmalıdır: “Bu baxımdan keçiriləcək hərbi təlimlərə müsbət yanaşıram. Ermənistan daxilində siyasi və ictimai dairələr bu təlimlərdən nəticə çıxarmalıdır. Çünki daxili qüvvələr hakimiyyətin ötən ilin sonlarında Azərbaycanla konusturiktiv danışıqlarına ciddi təzyiq etdilər. Proseslər dalana dirəndi. Bununla belə, görünən odur ki, Paşinyan hər vasitə ilə danışıqlardan yayınır. Bir ara separatçı tərəfin danışıqlarda tərəf olmasını gündəmə gətirdi. Bu variantın alınmadığını gördükdə isə format məsələsini ortaya atdı. Bu da dəstək qazanmadı. Paşinyan Brüsseldə səfərdə olarkən Avropa rəsmiləri sözügedən variantın əleyhinə olduqlarını bəyan etdilər. Ancaq buna baxmayaraq, Paşinyanın bəhanələri tükənən deyil. Bir müddət sonra başqa bir şey ortaya atacaq və real danışıqlardan yayınacaq. Ona görə də keçiriləcək təlimlər fonunda Ermənistana hərbi təzyiqlər artırılmalıdır. Ordumuzun bundan sonrakı fəaliyyəti ilə koordinasiyalı şəkildə diplomatiyamız da fəal olmalıdır. Necə deyərlər, Ermənistan rəhbərliyi ilə danışıqlar təzyiq altında keçirilməlidir. Ermənistandan verilən açıqlamalardan belə görünür ki, Azərbaycanın son variantı hərbi təzyiq ssenarisini işə salmaqdır. Düşmən tərəfi danışıqları sabotaj etməkdə davam edəcəksə, o zaman işğalçıya zərbə endirilməlidir. Özü də bu, aprel döyüşləri ilə müqayisədə daha genişmiqyaslı olmalıdır. Yalnız o zaman müsbət nəticə əldə etmək olar”.

Vidadi ORDAHALLI

Son xəbərlər