23/02/2019 05:46
728 x 90

Nikol Paşinyanın 11 illik premyerlik ambisiyası, "demokratiya" pərdəsi arxasındakı Levon və daha nələr...

img

Viktor Çernomırdinin “Nə cür partiya təsis etmək istəsək, sonda yenə Kommunist Partiyası alınır” etirafı günümüzdə də aktuallığını itirməyib. Bəs niyə KP? Çünki başqasını görməmişik. Həmin sxem bu gün Ermənistandadır: Nikol Paşinyan böyük siyasətə AOD şinelindən çıxaraq atılıb, o üzdən də nə yaratsa, sonda bu, AOD-un restavrasiyası olacaq.

Özünün siyasi konsepsiyaları olmadığından, Baş nazir bunları kimlərdənsə əxz eləmək zorundadır. Üstəlik, uzun illər o, hər şeyə özünün siyasi kumirinin gözü ilə baxmağa öyrəşib, buna görə də, istər-istəməz, Ter-Petrosyanın siyasi obrazını təqlid edir.

Hələ 2008-ci il prezident seçkilərində Nikol Levonun qalib gəlməsi üçün əlindən gələn hər şeyi etdi, çünki güman edirdi ki, bu halda baş nazir postuna iddia edə biləcək. O zaman Ter-Petrosyanın komandasında olan hər kəs təsdiq edər ki, “Aykakan Jamanak” qəzetinin redaktorunun premyer olmaq ambisiyaları 11 il əvvəldən vardı. Bu gün Paşinyan general Manvel Qriqoryandan “Yerkrap” üzvlərini küçələrə çıxarıb hərbi çevriliş etməməsinin qisasını alır ki, Ter-Petrosyanı prezident kürsüsünə oturda bilmidilər. O ki qaldı Qriqoryanın anbarında mənimsədiyi deyilən ərzaqlara, bu mövzuda çox danışıldığından onun üzərindən keçirik. Üstəlik, bu gün hamının dilində daha qalmaqallı ittiham var: Silva Ambarsumyan yenidən məhkəmədə ifadə verib, bu dəfə Manvel Qriqoryana qarşı. Madam bəyan edib ki, general azyaşlıları zorlayırdı! Qriqoryan isə Silvanı ona böhtan atdığı üçün məhkəməyə verib. Xatırladım ki, buna qədər Silva iş adamı Samvel Mayrapetyana, keçmiş ekologiya naziri Aram Arutyunyana və s. qarşı ifadə vermişdi. Qəzetlər isə yazır ki, qadın, öz biznesi çıxılmaz duruma düşdüyündən, başqalarına qarşı ifadə vermək məcburiyyətindədir...

Əslində “Mənim addımım” fraksiyasına Ter-Petrosyanın yaxın ətrafından Ovanes İgityanın və Andranik Koçaryanın yerləşdiyi, Baş nazirin mətbuat katibi postuna isə Erməni milli Konqresinin xarici siyasət üzrə yetkilisi Vladimir Karapetyanın təyin olunduğu barədə dəfələrlə yazılıb. O üzdən bildirilir ki, hakimiyyətə Nikol Paşinyanın simasında “Artsax”ın terpetrosyansayağı həllini həyata keçirəcək qüvvələr gəlib.

Sifarişli “ədalət mühakiməsi”

Ter-Petrosyanın çevrəsi dönə-dönə bəyan edir ki, Paşinyandan ötrü 1 mart hadisələrinin açılması şərəf məsələsidir.  Məhkəmənin Ter-Petrosyanın sorğuları və siyasi maraqları çevrəsində aparılması isə deyilənləri təsdiqləyir. Çünki məhkəmə siyasi hesablaşmaların girovuna çevrilib. Hətta iş o yerə çatıb ki, Xüsusi istintaq xidmətindən peşəkar mütəxəssislər işdən çıxır. Səbəb sadədir: peşəkarlar hakimiyyətin diqtəsilə “iş düzüb-qoşmaq” istəmir...

Nikol Paşinyanla Milli təhlükısizlik naziri Artur Vanetsyanın telefon danışığının dinlənilməsi şübhə yeri qoymayıb ki, baş nazir məhkəməni özü idarə edir, güc strukturları da onun göstərişlərini yerinə yetirir. Robert Köçəryanın vəkilinin dediyi kimi, hakimlər hakimiyyətin boyunduruğunda getməyə məcburdur ki, sistemdəki yerini itirməsin. Kartlar isə şəxsən baş nazirin əlindədir.

 8 ayda ölkədə kriminal hədsiz dərəcədə artıb. Yollarda xaos yaşanır, günün günorta çağı banka hücum edilir, bukmeker kontorlarına basqınlar artıb, amnistiyadan sonra isə ev oğurluqları çoxalıb. Az qala hər gün,  Abovyanda olduğu kimi, odlu silahla aparılan “razborkalar”barədə xəbərlər gəlir, supermarket soyulur və s.

Nəhəng siyasi oyunlarda mütləq şəkildə “axmaqdan sığortalanma” amili rol oynamalıdır, çünki yalnız bu halda dövlət və cəmiyyət demokratiya “döngələrindən” qorunur və geriyə addın atmalı olmur, əksinə, inkişaf gedir. Ermənistanda AOD-un restavrasiyası gedir, siyasəti isə Nikol Paşinyanın dili ilə Ter-Petrosyan diqtə edir. Onun boz kardinal cildində hakimiyyətə qayıdışı isə iki məqsədə dayanır: Robert Köçəryan və Serj Sarkisyandan istefası üçün qisas almaq və ərazilərin qaytarılması ilə münaqişənin həllinə nail olmaq. Bundan sonra Levon Akopoviç Teatr meydanında İsrail bayrağı altında ikinci dəfə rəqs edəcək.

AOD-un bərpasını göstərən daha bir fakt parlamentdə müxalifətə yer verilməməsidir. Hətta bu məsələdə şagird müəllimini də keçib: Ter-Petrosyan parlamentdən müxalifətin ayağını tam kəsə bilməmişdisə, Nikol bunun öhdəsindən “layiqincə” gəldi. Bu gün parlamentdə özünü müxalifət adlandıran qrup olsa da, əslində bu belə deyil. Paşinyan Ter-Petrosyanın ənənəsini davam etdirərək Qagik Tsarukyanla isti dostluq münasibəti qurub.  Yeri gəlmişkən, oliqarxla yaxın münasibətlərinə görə hamının Ter-Petrosyanı tənqid etdiyi bir vaxtda Paşinyan öz qəzetində Levonun dahiyanə taktikasından yazmış, bunu sadə adamların başa düşmədiyini bildirmişdi.

Vaxtilə Ter-Petrosyanın EMK adı altında partiyanı “diriltmək” cəhdi fiaskoya uğramışdı, bu gün biz bu cəhdin Paşinyanın əli ilə edildiyini görürük. Bu günlərdə “Yerkir tsirani” partiyasının lideri Zarui Postancyan mətbuat konfransında bildirib ki, Ermənistanda avtoritar diktatura qurulub. Məhz bu xarakteristika AOD və Ter-Petrosyanın hakimiyyəti dövründə daha çox səslənirdi. Paşinyan eynilə kumiri kimi bütün hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır, ətrafı isə polis və təhlükəsizlik xidmətlərinin nazirliklərə çevrilməsinin bu strukturlara siyasi çalar verdiyi və  bunun bütün güc sistemini pozacağı barədə nağıllar danışır. Əslində isə bunlar bəhanədi, sadəcə, Paşinyan özünün super səlahiyyətlərini əldən vermək istəmir ki, bu super səlahiyyətləri də 1995-ci il iyulun 5-də Konstitutiyanı total şəkildə saxtalaşdırmaqla Levon Ter-Petrosyan əldə etmişdi. İndi Paşinyan da, sələfi kimi, ətrafından onun tələblərinə sözsüz riayət etmələrini istəyir. Bu yaxınlarda kabinet 2018-ci ildə Paşinyanın dəvətilə şəhərsalma komitəsinin sədri təyin olunmuş Avetik Eloyanı istefaya göndərdi. Daha sonra bəlli oldu ki, o, Paşinyanın bütün məmurların yeni ili ölkədə keçirməsi tələbinə əməl etməyib və ailəsi ilə ABŞ-a gedib və elə orada olarkən istefası barədə xəbəri KİV-də oxuyub.

Hazırda isə KİV-in Paşinyanın hədəfində olduğu bildirilir. Buna səbəb kimi qeyd olunur ki, Paşinyan 90 faiz KİV-in əvvəlki hakimiyyətin maraqlarını qoruduğunu bildirib.

Bütün bu deyilənlər isə birmənalı şəkildə göstərir ki, Ter-Petrosyan hakimiyyətə boz kardinal kimi qayıdıb və Nikol Paşinyanın əli ilə 1998-də onu prezident kürsüsündən devirənlərdən qisas alır. Qisas isə soyuq yeyilən yeməkdir...

“Ermənistanın səsi”ndən tərcümə etdi:S.SƏFƏROVA

Son xəbərlər