23/02/2019 05:38
728 x 90

Ermənistan hökumətinin yeni proqram layihəsi, ya Paşinyanın dayaqlarına daha bir zərbə...

img

Yanvarın 19-da formalaşan Ermənistanın yeni hökuməti özünün proqram layihəsini dərc edib. Bildirilir ki, Konstitusiyaya uyğun olaraq, layihə təsdiqləndikdən sonra 20 gün ərzində baş nazir onu Xalq Şurasına təqdim etməlidir. Lakin elə açıqlanması ilə sözügedən layihənin sərt tənqid obyektinə çevrilməsi bir olub. Bunu erməni mətbuatına vizual nəzər salmaqla aşkar görmək mümkündür.

Məsələn, “armenpress”in xəbərində bildirilir ki, bu layihədəki rəqəmlərin çoxluğu təəccüb doğurur və onların sanki havadan götürüldüyü təəssüratı yaranır, çünki heç biri real səslənmir. O üzdən qeyd olunur ki, bu layihəni ciddi saymaq çətindir. Tənqidlərin əsas ünvanı isə Baş nazir Paşinyanın vəd etdiyi, guya 5 ildə nail olunması hədəflənən “iqtisadi sıçrayış”dır. Paşinyanın “iqtisadi uçuş üçün sürət yığırıq” açıqlamasını xatırladan məqalə müəllifi bildirir ki, bu layihəni heç bir halda bu ”sıçrayışın” yol xəritəsi adlandırmaq olmaz, çünki hökumətin iqtisadi proqramının əsasında eksportun genişlənməsinə istiqamətlənən investisiya siyasəti, əhalinin məşğulluğu, əməyin motivasiyası dayanmalıdır. İqtisadiyyatın lokomotivini isə yüksək texnologiyalar sferası təşkil etməlidir ki, bunların heç biri layihədə lazımi səviyyədə əhatə olunmayıb. Yəni eksportun səviyyəsinin 43-45 faizə çatdırılmalı olduğu deyilir, amma bunun yol xəritəsi göstərilmir.

Müəllif yazısında bildirir ki, hakimiyyəti inqilab gücünə rahatlıqla dəyişən insanlar ölkə iqtisadiyyatında da belə rahat inqilab gözləyirdi, lakin elə təqdim olunan layihə göstərdi ki, bundan ötrü 5 il ümidlə gözləməyin mənası yoxdur.

Məsələyə “panorama.am” saytı da münasibət bildirib. Saytın bununla bağlı xəbərində ədəbiyyatşünas Ovik Çarxçyanın fikirlərinə yer verilir.  O isə layihənin mədəniyyət bölümünə diqqət çəkir və qeyd edir ki, burada qaldırılan məsələlər əvvəlki hökumətlərin planlarından heç nə ilə fərqlənmir. “Sanki yeni hökumət sadəcə bizim yaddaşımızı təzələmək istəyib” – deyən ədəbiyyatşünas həmin müddəaların özünü doğrultmadığının artıq çoxdan təsdiqləndiyini bildirir və bundan sonra da heç nəyin dəyişməyəcəyindən təəssüflənir. Çarxçyanın fikrincə, layihə ilə tanış olduqda belə təəssürat yaranır ki, sanki onu hökumət deyil, hansısa turizm şirkəti hazırlayıb.

Maraqlıdır ki, heç hökumətin özündən və ”Mənim addımım” fraksiyasından da yeni hökumətin proqram layihəsi haqqında müsbət fikir söyləyən olmayıb. Yəni əslində olub, amma birbaşa anlamda deyil, sarkazmla. O isə keçmiş deputat Miqran Akopyandır. Akopyan deyib ki, sözügedən proqram layihəsi yalnız o cəhətdən müsbət qiymətə layiqdir ki, Paşinyanın meydanda verdiyi populist vədlər orada yoxdur.

Bütün bunlar Nikol Paşinyanın reytinqinin sürətlə aşağı düşməsini şərtləndirən ciddi faktorlardır. Ermənistan cəmiyyətində bu kontekstdə baş verənlər isə aydın şəkildə nümayiş etdirir ki, “hər küçədən gələn” dövlət idarəçiliyinə hazır ola bilməz. Buraya özünü layiq bilib iddia edənləri küçədən başı üzərinə qaldırıb hakimiyyət kürsüsünə qaldıran gücün eyni iradə ilə onu gəldiyi yerə qaytardığına dair isə tarixdə saysız nümunələr var. Belə davam edərsə, Paşinyanın bu tarixi nümunələrdən birinə çevrilməsi üçün erməni cəmiyyətinin 5 il gözləyəcəyi də şübhəlidir, çünki inqilabçılar məyus olmağı sevmir.

SAMİRƏ

Son xəbərlər