23/03/2019 01:36
728 x 90

Dövlət borcunun idarə edilməsilə bağlı Azərbaycan nümunəsi...

Pərviz Heydərov: “Azərbaycan xarici dövlət borcu ilə bağlı ən ehtiyatlı siyasət yeridən ölkələrdən biridir”

img

Məlum olduğu kimi, yanvarın 11-də Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunulub. O cümlədən, Azərbaycanın valyuta ehtiyatlarının artmasına da toxunulub. Prezident qeyd edib ki, hazırda Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollar təşkil edir: “Biz keçən il valyuta ehtiyatlarımızı artırmışıq. Baxmayaraq ki, xərclərimiz də az olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3 milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır. Yəni indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq”.

Hazırda Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun 19 faizini təşkil etməsi müsbət göstərici olması barədə fikir bildirən iqtisadçı ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan xarici dövlət borcu ilə bağlı ən ehtiyatlı siyasət yeridən ölkələrdən biridir: “Vaxt var idi, dəqiq desəm, müstəqilliyimizin ilk illərində - keçən əsrin 90-cı illərinin əvvəlində ölkəmiz xarici maliyyə qurumlarından çox asılı vəziyyətdə idi. Alınan borc vəsaitləri büdcə kəsirinin örtülməsinə gedirdi. Bu gün isə Azərbaycanın özünə borclu olan ölkələr var. Yəni iqtisadi inkişaf, artım sözünü deyib”. İqtisadçı onu da vurğuladı ki, ölkəmiz xarici borclanma siyasətini bu gün də davam etdirir. Çünki bu siyasətsiz keçinmək mümkün deyil: “ Yeri gəlmişkən, xarici dövlət borcunun ÜDM-də 30 faizdən yuxarı həddi artıq kritik hədd sayılır. Odur ki, borclanma siyasəti hələ davam etdirilə bilər. Amma indiyədək olduğu kimi, ehtiyatlı şəkildə. Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın əsas məqsədlərində bildirilir ki, 2018-2025-ci illərdə əsas məqsəd gələcək dövr üçün dövlət borcunun dayanıqlığını təmin edərək, ÜDM-ə nisbətini tədricən azaltmaqdır. Dövlət başçısı da hökumətin sonuncu iclasında qeyd edib ki, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir və qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bizim digər bir üstünlüyümüz isə ondan ibarətdir ki, borcu istənilən vaxt qaytara bilərik. Bunun üçün kifayət qədər maliyyə ehtiyatlarımız var. Bununla belə, bayaq adını çəkdiyimiz strategiyada məqsəd qoyulub ki, həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla, dövlət borcunun dayanıqlığını təmin etmək gərəkir. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək”.

Günel CƏLİLOVA

Son xəbərlər