23/03/2019 01:32
728 x 90

Beşillik Yol hərəkət təhlükəsizliyi proqramı ekspertlərdə bəzi problemlər baxımından ümid yaradıb, məsələn, xadimələrin vurulması...

İlqar Hüseynli: “Sərəncamdan irəli gələn bu və digər məsələlərin həlli bu sahədə ciddi dönüş yarada bilər”

img

“Bakının yol infrastrukturu nə qədər mükəmməlləşdirilsə, nə qədər işıqlandırma sistemi düzgün qurulsa, bu bir o qədər ümumi işin xeyrinədir”

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bir sıra maraqlı məqamlar öz əksini tapıb. Məsələn, qeyd olunur ki, 2019-2023-cü illərdə Azərbaycanda sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin aydın görünməsi və qavranılması məqsədilə onların işıqlandırılan və ya işıqqaytarıcı olmasının təmin edilməsi ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulub. Qeyd edilən əsas işlərin icraçısı Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində - Bakı Nəqliyyat Agentliyidir.

Bundan başqa, Dövlət Proqramında avtomobil yollarının süni işıqlandırma sistemləri ilə təchiz edilməsi meyarlarının, süni işıqlandırmaya ehtiyac olan yollarda və ya yol sahələrində həmin işıqlandırma sistemlərinin növbəlilik üzrə quraşdırılacağı yolların kateqoriyalarının müəyyən olunması və sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində avtomobil yollarının müasir standartlara cavab verən süni işıqlandırma sistemləri, qurğuları və vasitələri ilə, habelə yolların işıqlandırılmasında alternativ enerji mənbələrindən (günəş, külək və s. enerji batareyaları) istifadənin təmin edilməsi və onların daim yararlı vəziyyətdə saxlanması üçün mütəmadi tədbirlər görülməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulub.

Bütün bunların fonunda, sözügedən sərəncamın əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, sərəncamdan irəli gələn məsələlərin həlli yol hərəkətində təhlükəsizliyin təmin olunmasında mühüm rol oynaya bilər: “Məsələ ondadır ki, zaman-zaman piyada vurulması ilə nəticələnən çoxsaylı nəqliyyat qəzasının şahidi oluruq. Xüsusən də son vaxtlar yolların təmizliyi ilə məşğul olan süpürgəçi qadınların vurulması ilə bağlı qəzalar geniş vüsət alıb. Ölümlə nəticələnən bu qəzaların bir səbəbi də küçə və prospektlərin yetərincə işıqlandırılmamasıdır. Xüsusən də Bakı şəhərinin ətrafında və bölgələrdə küçələrin işıqlandırılmasında problemlər var. Elə küçələr var ki, ya ümumiyyətlə işıqlandırılmır, ya da işıqlandırma yetərli səviyyədə deyil. Nəzərə almaq lazımdır ki, yol hərəkətinin təhlükəsizliyi baxımından nəqliyyatın uzaqvuran işıqlarından istifadəsi qadağandır. Bax, bu səbəbdən də piyadaların vurulması ilə nəticələnən qəzalar baş verir. Ona görə də hesab edirəm ki, bu çox ciddi məsələdir. Bakı şəhərinin yol infrastrukturu nə qədər mükəmməlləşdirilsə, nə qədər işıqlandırma sistemi düzgün qurulsa, bu bir o qədər ümumi işin xeyrinədir. Yəni bu, gələcəkdə yaranan risqlərin qarşısının alınmasında mühüm rol oynayacaq. Bu baxımdan hesab edirəm ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn bu və digər məsələlərin həlli bu sahədə ciddi dönüş yarada bilər. Ona görə də sözügedən məsələ ilə bağlı verilən qərarı müsbət dəyərləndirirəm”.

Vidadi ORDAHALLI

Son xəbərlər