21/10/2018 08:32
728 x 90

Ramil Usubov Meksikanın Azərbaycandakı səfirini qəbul etdi - FOTO

İki ölkənin DİN-ləri arasında əməkdaşlıq sazişinin layihəsi hazırlanıb

img

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, oktyabrın 8-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib.

Qonağı salamlayan nazir Meksikanın respublikamızın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, son illər ikitərəfli əməkdaşlığın bir sıra sahələrdə genişləndiyini, beynəlxalq arenada qarşlıqlı maraq doğuran bəzi məsələlərin həllində ölkələrimizin biri-birini dəstəklədiyini xatırladıb.

Daha sonra general-polkovnik Ramil Usubov müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, gərgin ictimai-siyasi və kriminogen durum, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlər, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, ulu öndərin kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar, həmçinin, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə məlumat verib.

Dövlət başçılarımızın siyasi iradəsinə uyğun olaraq, son illər ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığın Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdıran daxili işlər naziri DİN-lər arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi qurumun maraqlı olduğunu, göstərilən istiqamətdə müəyyən addımların atıldığını da diqqətə çatdırıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Meksika Birləşmiş Ştatlarının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” layihəsi işlənib hazırlanıb.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Xuan Rodrigo Labardini Flores ölkəmizdəki dayanıqlı sabitlikdən, əminamanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə edib, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Son xəbərlər