24/09/2018 08:25
728 x 90

Bakıda daha bir beynəlxalq konfrans keçiriləcək

img

Avtomatik Nəzarət üzrə Ümumdünya Təşkilatının - IFAC-in (IFAC – International Federation of Automatic Control) beynəlxalq konfransı Bakıda keçiriləcək.

Konfransın təşkilat komitəsindən Trend-ə verilən məlumata görə, 13-15 sentyabr tarixlərində baş tutacaq tədbir Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanır.

Konfransda 37 ölkədən elm adamları ilə yanaşı IFAC-in prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgöwer də iştirak edəcək.

Konfrans Bakı şəhərində Boulevard Hotel Bakuda baş tutacaq. Azərbaycan hökumətinin nümayəndələrinin salamlama nitqləri 13 sentyabr saat 10:00 - 11:00 arası nəzərdə tutulur.

Qeyd edək ki, IFAC 12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilib. 1978-ci ildən təşkilatın qərargahı fəaliyyətini Avstriya hökumətinin dəvəti və dəstəyilə bu ölkənin Laksenburg şəhərində davam etdirir. 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbirlər təşkil edir. IFAC təşkilatı hal hazırda Robotikanın əsasınını təşkil edən avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə ən nüfuzlu təşkilat hesab olunur. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi 1983-cü ildən fəaliyyətdədir. Həmin ildən etibarən dünyanın bir çox ölkələrində 17 beynəlxalq konfrans kecirmiş komitə Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd etməyə hazırlaşır.

TECIS 2018 Beynəlxalq konfransının təşkilində IFAC-in Azərbaycandan tərəfdaşı qismində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış edir. Cəmiyyət Vyana Texnologiyalar Universitetində faəliyyət göstərən, həmin universitetin doktorantı, həmyerlimiz Bahadur İbrahimov tərəfindən təsis edilib. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS üç illik yoxlama və namizədlik mərhələsini başa çatdıraraq 7 iyun 2018-ci il tarixdə IFAC üzvlüyünə qəbul edilib. ARAS-ın üzvlüyü imkan verəcək ki, bu nüfuzlu federasiyanın tərkibində azərbaycanlı alimlər də beynəlxalq konqreslərdə iştirak və çıxış etmək, səs vermək kimi hüquqlara sahib olsunlar.

Məlumat üçün bildirək ki, IFAC-in Bakıda ilk və son toplantısı 1980-ci ilin 2-6 aprel tarixlərində Sovet Akademiki Trapeznikovun elmi rəhbərliyində, Ulu Öndərin diqqəti sayəsində baş tutub. 38 ildən sonra yenidən Bakıda bu nüfuzlu beynəlxalq konfransın keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək, ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir.

Konfransın mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirir.

Nümunə olaraq qeyd edək ki, “Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma”, “Mexatronik sistemlər və robotlar”, “Bio-tibbi sistemlər”, “Avtomatlaşdırma və nəzarət mexanizmləri”, “Humanoid robotlar” kimi mövzularda sessiyalar olacaq və həmin sessiyalarda alimlər ən yeni nailiyyətləri barədə məruzə və müzakirələr edəcəklər.

6 iyun 2018-ci il tarixdə konfransa məqalə qəbulu başa çatıb. 370-dən çox həmmüəllif tərəfindən 200 məqalə toplanılıb. Həmmüəlliflər 37 fərqli ölkəni təmsil edir. Nümunə olaraq ABŞ, Avstrialiya, Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Hindistan, Macarısrtan, İtaliya, Fransa, İrlandiya, İngiltərə və s. göstərə bilərik. Azərbaycanlı alimlər 50-ə yaxın məqalə göndəriblər.

Bakıda keçiriləcək konfransın təşkilatçılarından olan Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek robotika və avtomatik idarəetmə sahəsi üzrə mütəxəssisdir. IFAC-in üzvü olan P.Kopacek 6 kitabın, 300-dən çox elmi məqalənin, onlarla elmi nəşrin, tərcümənin müəllifi və konfransın təşkilatçısıdır. Bakı konfransının digər təşkilatçısı Bahadur İbrahimov Vyana Texnologiya Universitetində 2017-ci ildə robotika sahəsi üzrə fəsəfə doktoru elmi dərəcəsi alıb. B.İbrahimov. 2014-cü ildən mühəndislik menecerləri klubunun assosiativ üzvü, İstanbulda Azərbaycan Birlik Təşkilatının qurucusu, Avstriyada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyasının yaradıcısı, “Azərbaycanın Panoraması” jurnalının təsisçisi və IFAC-in üzvüdür. O, hazırda Vyana Texnologiya Universitetində post-doktorantura araşdırmalarına və bir sıra startup quruculuğuna rəhbərlik edir.

Qeyd edək ki, Konfransın təşkilatçıları - Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC), IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik Komitəsi, Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti (ARAS) və Vyana Texnologiya Universitetidir (IHRT). Konfransın texniki dəstəkçiləri IFAC təşkilatının müvafiq texniki komitələridir (texniki komitələr barədə - daha ətraflı www.ifac-control.org saytından məlumat əldə etmək mümkündür). Səyahət ilə bağlı təşkilati işlər “PASHA Travel” şirkəti tərəfindən həyata keçirilir. Tədbirin sponsorları - Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC), IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik təşkilatı və Boulevard hoteldir (tədbir 13-15 sentyabr tarixlərində bu oteldə baş tutacaq). Bundan başqa konfransa yerli səviyyədə Azərbaycan Respublikasının Xarici İşlər və Təhsil nazirlikləri, xarici ölkələrdəki səfirliklərimiz, Azərbaycan Milli Elmlər Akademiyası, aparıcı ali məktəblər (ADA, Bakı Ali Neft Məktəbi və s.), beynəlxalq səviyyədə isə Avstriya QHT-ləri və universitetləri (məs, Webster universiteti) dəstək verirlər. Bir sıra texnologiya şirkətləri isə konfransa ciddi maraq nümayiş etdirirlər.

Konfrans, iştirak və məqalələrin təqdim edilməsi qaydaları barədə geniş məlumatı www.tecis18.org saytından əldə etmək mümkündür.

Son xəbərlər