25/09/2018 07:55
728 x 90

Şahin Mustafayev Azərbaycan Prezidentinin Rusiya səfərinin iki ölkə arasında xüsusilə iqtisadi müstəvidə əməkdaşlığa çox önəmli perspektivlər vəd etdiyini dedi

img

Xəbər verildiyi kimi, sentyabrın 1-də Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfər edib. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib, ölkələrimiz arasında müxtəlif sahələrdə 17 sənəd imzalanıb, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bu səfər iqtisadi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində də mühüm önəm daşıyır. İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfərinə, eləcə də Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə dair AZƏRTAC-a müsahibə verib. Müsahibəni kiçik ixtisarla təqdim edirik:

- Azərbaycan Prezidentinin Rusiya Federasiyasına rəsmi səfərini ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımdan necə səciyyələndirərdiniz?

- İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və prezidentlərin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Son üç ayda Azərbaycan və Rusiya prezidentləri 3 dəfə görüşüb. Bütün bunlar isə dövlət başçılarının qarşılıqlı əməkdaşlığın genişlənməsinə verdikləri böyük önəmin göstəricisidir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycan Prezidentinin Rusiya Federasiyasına sentyabrın 1-də reallaşdırılan növbəti rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaradır. Səfərin 2008-ci ildə Azərbaycan və Rusiya arasında imzalanmış dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamənin 10 illiyinə təsadüf etməsi xüsusilə qeyd olunmalıdır. Rusiya səfərinin başlıca xüsusiyyətlərindən biri də onun daha çox iqtisadi mahiyyət daşımasıdır. Belə ki, səfər zamanı Azərbaycan-Rusiya əməkdaşlığının müxtəlif istiqamətləri ilə yanaşı, iqtisadi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənədlər imzalanıb.

Bu sənədlər arasında Prezident İlham Əliyev və Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat” xüsusilə vurğulanmalıdır. Sənəddə qarşılıqlı faydalı ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı üçün ticarətdə daha əlverişli şəraitin yaradılması, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Rusiya-Azərbaycan hissələrində tranzit-nəqliyyat potensialının artırılması, milli iqtisadiyyatın və ixracın şaxələndirilməsi, innovasiyalı inkişaf sahəsində məsələlərin həlli üçün perspektiv sahələrdə və sektorlarda birgə istehsalın yaradılması, dövlət idarəçiliyi sahəsində innovativ yanaşmaların, büdcə-vergi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə birgə fəaliyyətin inkişafı, dövlət sektorunda istifadə üçün qabaqcıl proqram təminatının tətbiqi üzrə təcrübə mübadiləsi və əməkdaşlıq, gənclər siyasəti, təhsil, idman və turizm məsələləri də daxil olmaqla humanitar sahədə əməkdaşlığın genişləndirilməsi kimi mühüm prioritetlər müəyyənləşdirilib. Birgə Bəyanatda əksini tapan inkişaf istiqamətləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsində iqtisadi əməkdaşlığın rolunu və əhəmiyyətini artıracaq, iqtisadi-ticari əlaqələrin müasir tələblərə cavab verən yeni inkişaf səviyyəsinə yüksəldilməsinə zəmin yaradacaq.

- Dövlət başçılarının görüşlərində nəqliyyat-tranzit sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı mühüm istiqamətlərdən biri kimi qeyd edilib...

- Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün əhəmiyyəti, tranzit və yükdaşımaların həcminin artmasında önəmi xüsusilə vurğulanıb. Belə ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və bu baxımdan əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür. Azərbaycan və Rusiya arasında avtomobil, dəmir yolları və hava nəqliyyatı ilə sərnişin və yükdaşımalar həyata keçirilir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi nəinki Azərbaycan, həm də digər ölkələr, eləcə də Rusiya üçün nəqliyyat-tranzit sahəsində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Rusiyada keçirilən görüşlərdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycanın bütün infrastruktur layihələrini həyata keçirdiyi, nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığı xüsusilə vurğulanıb. Qeyd olunub ki, bu nəqliyyat dəhlizinin potensialı daha böyükdür. Bu dəhliz daha çox ölkəni əhatə etməklə, iqtisadi-ticari əlaqələrin genişlənməsində və tranzit imkanlarının artmasında faydalı ola bilər. Hazırda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin ayrı-ayrı hissələri üzrə işlər davam etdirilir. Nəqliyyat dəhlizinin bir hissəsi olan və Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycan-Rusiya nəqliyyat və ticarət əlaqələrinin inkişafına, yük daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir edəcək.

Səfər zamanı, həmçinin, Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirməsi imkanları, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması məsələləri də müzakirə edilib. Görüşlərdə gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb.

- Cənab nazir, Azərbaycan-Rusiya əlaqələrinin hazırkı vəziyyəti, imzalanmış sənədlərin əməkdaşlığın gələcək inkişafında rolu barədə nə deyərdiniz?

- Əvvəlcə qeyd edim ki, Azərbaycanla Rusiya arasında ticarət, investisiya, sənaye, energetika, aqrar, nəqliyyat və tranzit daşımaları, səhiyyə, gömrük, bankçılıq, idman, turizm və digər sahələr üzrə çoxşaxəli əməkdaşlıq həyata keçirilir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkələrimiz arasında ticarət dövriyyəsi dinamik olaraq artır. Rusiya idxala görə Azərbaycan üçün əsas tərəfdaşdır, qeyri-neft məhsullarımızın ixracı üzrə birinci yerdədir. Bununla belə, ticarət əlaqələrinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Azərbaycanın xaricdə ilk ticarət nümayəndəliyinin məhz Rusiya Federasiyasında yaradılması iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən önəmin göstəricisidir. Bu ilin mayında Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Azərbaycan İş Mərkəzi iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətə malik mexanizmdir. 2018-ci ilin sonunadək İş Mərkəzində şərab və çay evləri fəaliyyətə başlayacaq. Bu il, həmçinin, Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan Ticarət Evinin, Moskva və Sankt-Peterburq şəhərlərində isə Azərbaycan Şərab evlərinin açılması planlaşdırılır. Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun yaradılması istiqamətində görülən işlər ticarət əlaqələrinin genişlənməsinə əhəmiyyətli töhfələrdir.

Azərbaycan-Rusiya iqtisadi-ticari əlaqələrinin inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının fəaliyyəti də qeyd edilməlidir. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları və birgə layihələr həyata keçirilir. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə qoyulub, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarından artıq investisiya yatırıb. Azərbaycanda Rusiya kapitallı 700-dən çox şirkət fəaliyyət göstərir.

“SOCAR Polymer” layihəsi və Pirallahı Sənaye Parkında yaradılan Azərbaycan-Rusiya birgə əczaçılıq müəssisəsi iqtisadi əməkdaşlığımızın önəmli nümunələrindəndir. “SOCAR Polymer” polipropilen qurğusu artıq fəaliyyət göstərir, yüksək təzyiqli polietilen qurğusu bu ilin sonunadək istismara veriləcək. Əczaçılıq zavodunda qablaşdırma xəttinin isə 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.

2015-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq, hazırda Gəncə avtomobil zavodunda “KamAZ” markalı yük maşınları yığılır. Bu sahədə əməkdaşlığın davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı Hacıqabul Sənaye Məhəlləsində kiçik tonnajlı “QAZ” markalı avtomobillərin yığılması barədə razılıq əldə edilib və bu məqsədlə Sənaye Məhəlləsində zavod tikiləcək.

Azərbaycan, həmçinin, Rusiyanın federal subyektləri ilə də sıx əməkdaşlıq edir və Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardandır. Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodları, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və sair Rusiyada Azərbaycan şirkətləri tərəfindən reallaşdırılan uğurlu layihələrdəndir...

İqtisadi sahə ilə yanaşı, digər sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirilir. Humanitar sahədə ölkələrimiz arasında əlaqələrin inkişafında Heydər Əliyev Fondunun və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) mühüm xidmətləri var.

Ölkələrimizin təhsil sahəsində də əlaqələri inkişaf edir. Bu baxımdan, Azərbaycanda M.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının uğurlu fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Qeyd edim ki, Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb, rus və digər slavyan dillərinin tədris edildiyi Bakı Slavyan Universiteti, Azərbaycanın Təhsil Nazirliyinin tabeliyində olan 14 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə rus bölmələri fəaliyyət göstərir.

Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri, səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə, mövcud potensialın daha dolğun reallaşdırılmasına böyük təkan olmaqla, dövlət başçılarının müəyyənləşdirdiyi prioritetlər üzrə qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası iqtisadi-ticari əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Baki-xeber.com

Son xəbərlər