13/12/2018 18:23
728 x 90

“Azərbaycan mətbuatı Gəncə hadisələrinə kifayət qədər peşəkarlıqla yanaşmalıdır” - Əflatun Amaşov

img

İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan güllə, istərsə də dünən iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi Azərbaycanın müstəqilliyinə atılan güllədir. Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Gəncədə baş verən hadisələr birmənalı şəkildə pislənməli və qısa zaman ərzində hadisənin üstü açılmalıdır: "Gəncədəki hadisədə günahı olan şəxslər hüquqi baxımdan cəzalarını almalıdır. Dövlətə qarşı çıxan hər kəs barəsində hüquqi müstəvidə tədbirlər görülməlidir. Əgər bu, belə olmasa, xəyanətkarların sayı çox olacaq və Azərbaycanın müstəqilliyi ilə barışmayan xarici qüvvələr bundan istifadəyə cəhd edəcəklər".

Ə.Amaşov qeyd edib ki, bu hadisələri qızışdıranlar da istər-istəməz Azərbaycanın müstəqilliyinə güllə atan şəxslərlə həmrəydirlər.

Deputat hesab edir ki, həmin şəxslər də müəyyənləşməli və ictimai qınağa çəkilməlidirlər: "Ümumiyyətlə, Azərbaycan cəmiyyəti tanımalıdır ki, kimlər onun müstəqilliyini istəmir, kimlər onun uğurlarını dəstəkləmir. Vaxt itirilmədən, təcili olaraq bu hadisələr özünün siyasi qiymətini almalıdır. Bu hadisələrdə kimlər iştirak edir, kimlər onu törədənlərlə həmrəydirlər - onların hamısının əməlinə hüquqi qiymət verilməlidir".

Azərbaycan jurnalistikasının kifayət qədər vətənpərvər jurnalistika olduğunu nəzərə çatdıran Ə.Amaşov qeyd edib: "Azərbaycan mətbuatı da bu hadisələrə kifayət qədər peşəkarlıqla yanaşmalıdır. Azərbaycan jurnalistikası bu hadisələri işıqlandırarkən mütləq Azərbaycan dövlətçiliyinin prinsiplərini üstün tutmalıdır".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər