19/07/2018 03:49
728 x 90

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polislər dəfn olundu - FOTO

Oruc Zalov: “Gəncədə şəhid olan polis əməkdaşları dövlətçiliyə sadiqliyini göstəriblər”

img

Gəncədə ötən gün qanunsuz aksiyanın qarşısını alarkən şəhid olan polis zabitləri ilə vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, Daxili İşlər Nazirliyinin digər yüksək vəzifəli şəxsləri, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Şəhid polislər Gəncədə Şəhidlər xiyabanında dəfn olunub.

“Polis əməkdaşlarımız Gəncədə, ölkədə sabitliyin qorunması üçün öz andlarına sabiq qalıb, dövlətçiliyə sadiqliyini göstəriblər”. APA-nın məlumatına görə, bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşlarının vida mərasimində daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

O. Zalov deyib ki, şəhid olan polislər polis şərəfini qoruyublar: “Onlar şəhid olaraq minlərlə insana bildiriblər ki, cinayətkarlığa aman verilməyəcək. Yeri gəlsə, canımızı qurban verəcəyimizlə bağlı andımıza sadiq qalıb, sabitliyi qorumaq üçün öz canımızdan keçərək şəhid olublar".

Nazir müavini qeyd edib ki, hər iki polis əməkdaşı uzun illər daxili işlər orqanlarında şərəflə xidmət ediblər: "İlqar Balakişiyev 35 il daxili işlər orqanlarında xidmət edib, qarşıya qoyulan tapşırıqları şərəflə yerinə yetirib, dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. İlqar Balakişiyev 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.  Gəncə şəhərinin sakinləri arasında böyük hörmətə malik olub. Nümunəvi xidmət göstərərək sübut edib ki, əsl polis işçisi necə olur.

Şəhid qardaşımız Səməd Abbasov da şərəfli bir xidmət yolu keçib, polis serjantılığından polis mayoruna kimi yüksələn, Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə  təyin edilən Səməd Abbasov daim kollektivdə nümunəvi xidməti  ilə fərqlənib. Kollektivə Gəncədə ictimai asayişin qorunmasında  öz şərəfli xidməti ilə nümunə olub. Bu gün Gəncə sakini olan hər iki polis qardaşımızı son mənzilə yola salırıq. Bu, bizim üçün, gəncəlilər üçün böyük itkidir. Lakin mən inanıram ki, İlqar Balakişiyev və Səməd Abbasovun xatirəsi heç vaxt yaddan çıxmayacaq. Onların keçdiyi şərəfli xidmət yolu onların yoldaşları, Gəncə sakinləri tərəfindən daim xatırlanacaq.  İnanıram ki, bir çox gənclər onlardan nümunə götürüb ölkədə əmin-amanlığın qorunması üçün yeri gəlsə, canlarını belə əsirgəməyəcəklər".

Qeyd edək ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Son xəbərlər