16/10/2018 19:17
728 x 90

Milli Məclisin deputatlarının Gürcüstana səfəri başa çatıb - FOTO

img

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə bu qrupun üzvlərinin, deputatlar – Hikmət Məmmədovun, Rasim Musabəyovun, Kamilə Əliyevanın, Naqif Həmzəyevin və Pərvin Kərimzadənin Gürcüstana səfəri yekunlaşıb

Mayın 13-dən 16-dək davam edən səfərin ilk günündə nümayəndə heyətinin üzvləri soydaşlarımızın kompakt yaşadıqları Marneuli rayonunda yerli icmanın təmsilçiləri ilə görüşüblər. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyevin, Tamaz Naverianinin, Marneuli rayonunun icra başçısı Temur Abazovun və digər rəsmi şəxslərin qatıldıqları görüşdə Azərbaycan icmasını təhsil və digər sahələrdə narahat edən məsələlər barədə müzakirə aparılıb.

Səfərin ikinci günündə deputatlarımız Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüblər. Parlamentlərin dostluq qrupları üzvlərinin də iştirak etdikləri görüşdə iki ölkə arasında müxtəlif sahələrdəki əlaqələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Parlamentlərarası münasibətlərin intensivliyinin dövlətlərimizin daha da yaxınlaşmasına töhfə verə biləcəyi vurğulanıb. Görüşdə həmçinin Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərlə bağlı məsələlər də nəzərdən keçirilib.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov bildirib ki, Gürcüstanda keçirilən görüşlərdə parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsi müzakirə olunur. O bildirib ki, səsləndirilmiş təkliflərin əsasında əməkdaşlıq üzrə proqram hazırlanacaq. Bu proqramda deputatların yalnız paytaxtlara deyil, sərhədyanı bölgələrə də qarşılıqlı səfərləri nəzərdə tutulacaq. Habelə bölgələrdə yaşayan sakinlərin bir-birinə daha da yaxınlaşdırılması da planlaşdırılır ki, bunun təminatı üçün mədəni və idman tədbirlərinin təşkili üzərində dayanılır.

Millət vəkilləri həmin gün Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri xanim Sofie Katsarava başda olmaqla komitənin üzvləri ilə də görüşüblər. Görüşdə beynəlxalq təşkilatlar səviyyəsində təmsilçiliklə bağlı hər iki ölkənin ortaq maraq və mənafeləri ətrafında diskussiyalar aparılıb.

Azərbaycanlı deputatların Gürcüstan parlamentinin Elm, təhsil və mədəniyyət komitəsinin sədri Mariam Caşi başda olmaqla komitənin üzvləri ilə görüşü də fikir mübadiləsi bolluğu ilə yadda qalıb.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ə.Amaşov Gürcüstanda milli azlıqlar üçün olan “1+4” proqramının əhəmiyyətini qeyd edib. O bildirib ki, sözügedən proqram sayəsində ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələrin sayı artmaqdadır. Deputat həmçinin mövcud sahədəki problemlərə də diqqət çəkib. Qrup rəhbəri Gürcüstanın Azərbaycan dilli məktəblərində gürcü dilinin, Azərbaycan dili və ədəbiyyatının, tarixinin, habelə gürcü dili, ədəbiyyatı və tarixinin tədrisinə diqqətin daha da artırılmasının vacibliyini önə çəkib.

M.Caşi Azərbaycan dövlətinin Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərsliklərlə təminatında göstərdiyi dəstəyə görə təşəkkür edib. Gürcü komitə sədri qeyd edib ki, Gürcüstanda ümumən etnik azlıqların təhsil aldıqları məktəblərə gənc kadrların cəlb olunması ilə tədrisin keyfiyyətinin artırılmasın böyük diqqət yetirilir, mövcud istiqamətdə bir sıra layihələr realaşdırılır. M.Çaşi Azərbaycanda yaşayan gürcülərin cəmiyyətə inteqrasiyası, onların təhsili məsələləri üzərində də dayanıb.

Qarşılıqlı müzakirələr şəraitində keçirilmiş görüşdə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının hazırkı vəziyyəti də nəzərdən keçirilib. Əminlik ifadə olunub ki, bu mədəniyyət ocağının binası ilə bağlı məsələ tezliklə müsbət həllini tapacaq. Bunun üçün birgə səylər göstəriləcək.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin üzvlərinin mayın 14-də keçirdikləri ən vacib görüş Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə olub.

İ.Kobaxidze Gürcüstan və Azərbaycanın strateji tərəfdaş olduğunu vurğulayıb. Spiker Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyini və ikitərəfli münasibətlərə böyük önəm verdiyini də bildirib.

Qarşılıqlı müzakirələr şəraitində keçmiş bu görüşdə də iki ölkənin parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyindən söz açılıb, təkliflər nəzərdən keçirilib.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri mayın 15-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət ediblər. Ümummilli liderin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Son xəbərlər