20/08/2018 06:37
728 x 90

Azərbaycan Prezidenti nəqliyyat infrastrukturu ilə bağlı dövlət siyasətinin böyük nəticəsini bəyan etdi...

Əli Əlirzayev: “Bu gün Azərbaycanın bütün rayonlarını əhatə edən yol infrastrukturu qurulub”

img

“Nəzərə almaq lazımdır ki, nəqliyyat amili iqtisadiyyatın inkişafında mühüm rol oynayır”

Bu gün Azərbaycanda daha çox diqqət yetirilən strateji məsələlərdən biri ölkədə güclü nəqliyyat qovşağının yaradılmasıdır. Müasir nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi buna əyani misaldır. Tarixi İpək Yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər ölkənin geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı. Reallıq ondan ibarətdir ki, Azərbaycanda müasir nəqliyyat infrastrukturu yaradılıb.

Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev qeyd edib ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Onun fikrincə, Azərbaycanda çox güclü nəqliyyat-logistika mərkəzi yaradılıb: “Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq”.

Maraqlıdır, bəs ekspertlər ölkədə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı görülən işləri necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin sözlərinə görə, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun qurulması ilə bağlı kompleks və sistemli işlər həyata keçirilib: “Bu gün Azərbaycanın bütün rayonlarını əhatə edən yol infrastrukturu qurulub. Dairəvi yolların, nəqliyyat qovşaqlarının sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Nəzərə almaq lazımdır ki, nəqliyyat amili iqtisadiyyatın inkişafında mühüm rol oynayır. Nəqliyyatın zəif olması iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. Digər tərəfdən, bu həm də bazarların genişlənməsinə maneçilik göstərir. Bu da, öz növbəsində, ümumi sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərir. Reallıq ondan ibarətdir ki, Azərbaycanın iqtisadi gücü hesabına bir sıra böyük nəqliyyat layihələri həyata keçirilib. Bu, nəqliyyat sferasında rəqabət mühiti yaradır. Bu həm də əhalinin rahatlığına xidmət edir. Məlum olduğu kimi, artıq ötən ilin oktyabrından Bakı-Tiflis-Qars dəmir yolu fəaliyyətə başlayıb. Sözügedən dəmir yolu vasitəsilə yükdaşımalar artır. “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı işlər gedir. Bu, yükdaşımaların artmasına, həmçinin, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Astara-Rəşt dəmir yolu fəaliyyətə başlayandan sonra Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq. Bununla yanaşı, Bakıətrafı kənd və qəsəbələrə gediş-gəlişi daha da yaxşılaşdırmaq üçün elektrik qatarlarının fəaliyyətə başlaması gündəmdədir. Artıq neçə ildir Bakı ilə Sumqayıt arasında elektrik qatarları fəaliyyət göstərir. Ona görə də ölkədə böyük nəqliyyat infrastrukturu yaradılıb”.

Vidadi ORDAHALLI  

Son xəbərlər