16/10/2018 19:11
728 x 90

ABŞ Konqresində Azərbaycan əleyhinə mövqe tutan radikal mühacirlərin öz aralarında vuruş başlayıb...

Vüqar Qədirov: “Tanınmış radikal müxalifət təmsilçiləri sosial şəbəkələrdə Emin Millini xəyanətdə, çirkli maliyyələşmədə ittiham edirlər”

img

“Özlərinin bəslədikləri adamlar gedib Konqresdə bunları söyürlər”

Azərbaycanda radikal müxalifəti təmsil edən şəxslər arasında ciddi mübahisə yaranıb. Bu vəziyyət özünü sosial şəbəkələrdə aydın büruzə verir. Dava-dalaşa səbəb mayın 9-da ABŞ Konqresində Azərbaycandakı vəziyyətə dair dinləmələr olub. Bu dəfə dinləmələrə Emin Milli və Hollandiyada mühacir həyatı yaşayan Orduxan Teymurxan da dəvət olunub. Dinləmələr zamanı ABŞ Massaçuses Universitetinin tarix professoru Odri Alştadt çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marginal şəxsi” və ya “qocası” adlandırıb. Bundan sonra cəbhəçilər E.Millinin üzərinə hücumlar təşkil edərək, onun AXCP liderini “marginal şəxs” və ya “qoca” adlandırdığını iddia edərək, ən ağır şəkildə təhqir etməyə başlayıblar. Sonradan aydınlaşsa da ki, Əli Kərimliyə qarşı həmin ifadələri E.Milli yox, Alştadt işlədib, buna baxmayaraq, E.Milliyə hücumlar yenə davam etdirilib. İddia olunub ki, E.Milli müxalifət liderlərinə qarşı tənqidi mövqe tutub.

AXCP sədri Əli Kərimli tərəfdarları ilə araşdırmaçı jurnalist Xədicə İsmayıl və Avropada yaşayan Meydan.TV-nin qurucusu Emin Milli sosial şəbəkədə bir-birinin ünvanına aşağılayıcı ifadələr, təhqirlər səsləndirməkdə davam edirlər.

Bütün bunlara dözməyən E.Milli öz Facebook profilində bu statusu paylaşıb: “...Son 20 il ərzində Azərbaycan müxalifətinə rəhbərlik etmiş bütün insanlara öz ehtiramımı ifadə etməklə yanaşı, bunu qeyd etməyi mühüm sayıram ki, bu liderlərin hazırda edə biləcəyi ən yaxşı iş həm partiyalarının daxilində, həm də xaricində olan bütün başqa gəncləri dəstəkləmək olardı. Bununla onlar Azərbaycan xalqına mesaj verərdilər ki, bu mübarizə şəxsi deyil - bu, İsa Qəmbərin, yaxud Əli Kərimlinin şəxsi mübarizəsi deyil”.

Radikal müxalifət təmsilçiləri isə öz cavablarında Meydan TV layihəsinin şübhəli qaynaqlardan maliyyələşdiyini və sifarişlə müxalifətə hücum etdiyini yazırlar. Çox maraqlı bir paradoks yaranır. Bir vaxtlar Azərbaycan iqtidarı xaricdən fəaliyyət göstərən və media adına iddia edən Meydan TV-yə öz haqlı iradlarını bildirəndə, onan maliyyə qaynaqlarının şəffaf olmadığını bəyan edəndə indiki dalaşanlar Emin Milli kimi adamların müdafiəsinə qalxırdılar. Belə çıxır ki, onlar hazırkı mövqeləri ilə bir vaxtlar iqtidarın ortaya qoyduğu mövqeyi dəstəkləmiş olurlar?

Ekspert Vüqar Qədirovun sözlərinə görə, hazırkı mənzərə bir çox həqiqətləri üzə çıxarmış olur: “Meydan TV-nin girişinə Azərbaycanda blok qoyulanda məhz indi onu söyənlər iqtidarı tənqid edirdi, həmin addımın söz və ifadə azadlığına qarşı olduğunu deyirdilər. İndi onların mövqeyinə fikir verin. Bir vaxtlar hakimiyyət düşərgəsinin səsləndirdiyi fikirlər indi onların ittihamlarının qabağında yalan olub. Tanınmış radikal müxalifət təmsilçiləri sosial şəbəkələrdə Emin Millini xəyanətdə, çirkli maliyyələşmədə ittiham edirlər. Hətta daha ciddi faktların üstünü açacaqlarına belə söz verirlər. Ona görə də doğru siyasət yürütmək lazımdır. Maraqlar kontekstindən çıxış edib reallıqları unutmaq adamı belə çıxılmaz vəziyyətə salır. Hesab edirəm ki, hazırkı məqamda  radikal düşərgə öz əkdiyi məhsulun bəhrəsini yeyir. Eminləri, Orduxanları populyar edən onlar olub. İndi də özlərinin bəslədikləri adamlar gedib Konqresdə bunları söyürlər. Günah kimdədir? Bu münaqişə hələ daha pis məcrada davam edəcək. Çünki ortada şəxsi maraqlar var. Sağlam siyasi məqsədlər qarşıya qoyulmayanda mübarizə belə eybəcər rəng almış olur”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər