28/05/2018 05:26
728 x 90

ABŞ-ın Qüds səfirliyi aksiyasının davam ssenariləri – İran-İsrail müharibəsi, ardınca Səudiyyənin müharibəyə girişi…

Arzu Nağıyev: “Burada böyük müharibənin olacağını demək mümkün olmasa da...”

img

“Qüds burada vasitədir, hadisələrin görünməyən tərəfləri var”

ABŞ öz səfirliyini Qüdsə köçürdüyü gün Qəzzanı İsraildən ayıran ərazidə toqquşmalar baş verib. Fələstin rəsmilərinin verdiyi məlumata görə, Qəzza zolağında İsrailin çəkdiyi hasar zonasında azı 55 fələstinli İsrail qoşunları tərəfindən güllələnərək öldürülüb və 2700 nəfər yaralanıb.

Səfirliyin açılış tədbirində prezident Trampın videomüraciəti nümayiş olunub. Həmin müraciətində Tramp vurğulayıb ki, “İsrail suveren dövlət olaraq, başqa suveren dövlətlər kimi, öz paytaxtını müəyyən etmək hüququna malikdir”. ABŞ-ın Qüdsdə səfirlik açması İsrail tərəfindən alqışlanır, lakin fələstinlilər tərəfindən pislənir. Bazar ertəsi öldürülənlər arasında uşaqlar da var. İsrail ordusunun bildirdiyinə görə, aksiyada 40000 fələstinli iştirak edib. İsrailin baş naziri Benyamin Netanyahu atılan addımları müdafiə edərək deyib ki, “hər ölkə öz sərhədlərini qorumaq hüququna malikdir”.

Fələstinlilər Şərqi Qüdsü özlərinin gələcək paytaxtı sayır və ABŞ-ın addımını İsrailə bütün şəhər üzərində nəzarətini gücləndirmək üçün göstərilən dəstək kimi qiymətləndirirlər. Öz növbəsində, İsrail Qüdsü öz bölünməz paytaxtı hesab edir.

Prezident Trampın ötən il qəbul etdiyi Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ABŞ-ın bu məsələdə neytrallığını pozmaqla yanaşı, beynəlxalq birliyin əksər hissəsinin mövqeyi ilə ziddiyyət təşkil edir. Göründüyü kimi, özünü dünyanın demokratik ölkələrindən sayan ABŞ-ın belə bir addımı kütləvi şəkildə insanların öldürülməsi və yaralanması ilə nəticələnir. Sanki Yaxın Şərqi qan çanağına çevirmək planı üzrə bir iş aparılır və ABŞ-ın bu addımı həmin proseslərə impuls verən hadisə sayılır. Görünən ssenari belədir. İsrail fələstinlilərə divan tutur. Prosesə bu mövzulara həssas olan İran qarışır. Nəticədə ABŞ İranı İsraillə müharibəyə sövq edir. Sonrakı etapda isə prosesə Səudiyyə Ərəbistanı başda olmaqla İranı istəməyən digər ərəb ölkələri də qoşulurlar. Bu ssenari bölgənin gələcəyi üçün nə vəd edir?

Politoloq Arzu Nağıyevin sözlərinə görə, yaranan ziddiyyətin kökündə sırf başqa amillər durur: “Yəni bu gün həmin ərazidə öldürülən insanların faciəsinin kökündə yalnız ABŞ-ın səfirlik açmaq istəyi durmur. Bəli, bu cür kiçik bəhanələrlə bölgəni xaosa, qana sürükləmək istəyirlər.  Qüds məsələsində əsas məqsəd burada müsəlman-xristian, yəhudi-müsəlman qarşıdurmasının davam etməsi üçün bir zəminin yaradılmasıdır. ABŞ-ın səfirliyini məhz Qüdsə köçürməsi onun müstəsna xarici siyasətidir. Donald Tramp prezident seçilməmişdən öncə də öz çıxışlarında 3 istiqamətdən danışırdı: İran və Şimali Koreya, Meksika ilə sərhədlərin bağlanması, Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi. Yəni Trampın bu addımı gözlənilən idi. Təbii ki, İsrail də bunu dəstəkləyir. Müsəlmanların “Beytül-müqəddəs” adlandırdığı Qüds məxsusi olaraq seçilib. Çünki daim xristian-müsəlman savaşının bu şəhərdə davam etməsini istəyirlər. Qüds burada vasitədir, hadisələrin görünməyən tərəfləri var. ABŞ-ın bu addımına bir çox müsəlman dövləti mənfi reaksiya verir, elə xristianların də əksəri bunu qınayır. Ancaq xarici siyasətdə dost, yoldaş məfhumu yoxdur. Burada əsas ümumi maraqlar götürülür və onlar üstün gələcək. Son vaxtlar İsrail-İran münasibətləri həddən artıq gərginləşib. İsrail Suriya ərazisini vurur. Orada “Hizbullah” vasitəsilə İran da öz istəyinə çatmağa çalışır. Burada böyük müharibənin olacağını demək mümkün olmasa da, gərginlik günbəgün artmaqdadır və proses birbaşa toqquşmalara doğru gedir. İranın bu məsələyə cəlb ediləcəyi istisna olunmur. İranın sıradan çıxmasını isə yalnız İsrail istəmir. Bu ssenari həm ABŞ-ın, həm də Səudiyyə Ərəbistanının marağına uyğundur. Buna görə də deyilən ölkələrin İranla qarşıdurmada İsrailin yanında açıqca yer alacağına şübhə ola bilməz”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər