20/09/2018 05:28
728 x 90

Mahmud Məmməd-Quliyev Azərbaycanın Aİ ilə strateji saziş üzrə danışıqlarının asan və çətin keçən məqamlarını açdı

img

Azərbaycan və Avropa İttifaqı (Aİ) strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqları ilin sonuna başa çatdıra bilər. “Trend”in məlumatına görə, bunu Brüsseldə “Şərq Tərəfdaşlığı”nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycan və Aİ strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə sektoral danışıqları başa çatdırmağa çox yaxındır: "Yeni saziş üzrə danışıqlar üç istiqamətdə davam etdirilir – siyasi sektor, ticarət və investisiyalar, eləcə də sektoral danışıqlar".

M.Məmməd-Quliyev bildirib ki, siyasi sektorda tərəflər müəyyən nailiyyət əldə edib. Bu istiqamət üzrə danışıqların növbəti mərhələsi aprel ayında Bakıda keçiriləcək: “Biz sektoral danışıqları başa çatdırmağa çox yaxınıq. Razılaşdırılmalı olan bir neçə məsələ qalır. Ümid edirəm ki, martın 16-da sektoral danışıqlara yekun vuracağıq”.

Ticarət-investisiya sahəsinə gəlincə, M.Məmməd-Quliyev deyib ki, bu sferada bir sıra problemlər var: “Azərbaycan hələ Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Biz mövcud problemlərin həlli yollarını tapmağa və irəliləyişə nail olmağa çalışırıq”.

Xarici işlər nazirinin müavini ümid etdiyini bildirib ki, 2018-ci ilin sonuna, istənilən halda, “Şərq Tərəfdaşlığı”nın növbəti iclasınadək Azərbaycan və Aİ strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqları başa çatdıracaq.

M.Məmməd-Quliyev deyib ki, "Azərbaycan güclü vətəndaş cəmiyyətinin inkişafını davam etdirəcək". Nazir müavini qeyd edib ki, güclü vətəndaş cəmiyyəti hər bir ölkə üçün çox vacibdir, çünki bunsuz hökumətin qarşısında dayanan məqsədlərə çatmaq çox çətindir.

O əmin olduğunu bildirib ki, Azərbaycanda hökumətə hədəflərinə çatmaqda kömək edəcək güclü vətəndaş cəmiyyəti yaradılacaq.

M.Məmməd-Quliyevin sözlərinə görə, Azərbaycan artıq hökumət və digər strukturların nümayəndələri, həmçinin vətəndaş cəmiyyətinin üzvlərinin iştirakı ilə platforma yaradıb.

Nazir müavini vurğulayıb ki, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzrə danışıqlar vətəndaş cəmiyyəti ilə bağlı məsələləri də əhatə edir.

O daha sonra deyib ki, “Şərq tərəfdaşlığı”nın üzvlərindən birinin ərazisinin bu təşəbbüsün digər üzvü tərəfindən işğalı qəbuledilməzdir.

Nazir müavini qeyd edib ki, Azərbaycan ərazisinin 20 faizdən çoxu Ermənistan tərəfindən işğal olunub və bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, onların fundamental hüquqları pozulub.

Baki-xeber.com

Son xəbərlər