19/11/2018 16:13
728 x 90

Azərbaycan Prezidentinin “İrəvan bəyanatı” və Ermənistanın aqoniyası...

img

Prezident ilham Əliyevin hakim Yeni Azərbaycan Partiyasının qurultayında tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzur barədə səsləndirdiyi məlum fikirlər, başda prezident Sarkisyan olmaqla, Ermənistanda çoxlarının yuxusunu qaçıran kabusa çevrilib.

Bir tərəfdən Azərbaycanın hər keçən gün artan hərbi qüdrəti, dünyada yüksələn nüfuzu və ən önəmlisi, Qarabağ məsələsində haqlı mövqeyinin getdikcə daha çox mötəbər tribunalarda etiraf olunması və buna paralel olaraq Azərbaycana beynəlxalq dəstəyin artması, digər tərəfdən özünün Rusiya tərəfindən istifadə olunaraq “birdəfəlik şpris” kimi kənara atılması və işğalçı ölkə olaraq qəbul olunmasının Ermənistanı ciddi problemlər qarşısında qoyduğu bir vaxtda  Azərbaycan Prezidentinin hətta əzəli Azərbaycan torpaqlarını xatırlaması və “o yerlərə qayıdacağıq” mesajı verməsi milləti qarşısında onsuz da nüfuzu zəifləmiş Serj Sarkisyanı ciddi təşvişə salıb. Görünür elə bunun nəticəsidir ki, Bolqarıstan prezidenti Rumen Radevlə keçirdiyi görüşün ardından düzənlənən mətbuat konfransında erməni prezidenti yenidən bu məsələyə qayıdıb və Qarabağ  münaqişəsinin əslində onillərdir elə erməni tərəfinin kor inadı üzündən həllini tapmamasının məsuliyyətini Azərbaycanın üzərinə yıxmağa cəhd edib. Deyib ki, nə qədər ki, “Azərbaycanın irəvan və Zəngəzur barəsində sayıqlamaları davam edir, münaqişə həllini tapmayacaq”. Əslində Sarkisyan bunu deyərkən bir incə nüansı unudub ki, Azərbaycan Prezidenti sözügedən mesajı ötən həftə verib, Qarabağ danışıqları isə onillərdir gedir və bu danışıqların uzanması üçün erməni tərəfi əlindən gələni edib, hələ də etməkdədir. Bunun da səbəbi erməni ictimaiyyəti qarışıq hər kəsə bəllidir – münaqişənin yeganə həll yolu torpaqların qaytarılmasından keçir ki, bu da Sarkisyanın sonu deməkdir.

Qaldı ki İlham Əliyevin YAP-ın qurultayında verdiyi mesajlara, bu fikirlərin tarixi həqiqətlərə söykəndiyi hətta bu ölkənin bir sıra tarixçiləri tərəfindən də etiraf olunur. Və o da həqiqətdir ki, Azərbaycan Prezidenti çıxışında “torpaqlarımıza qayıdacağıq” deyir, alacağıq demir. Halbuki, işğalçı ölkənin əliqanlı prezidenti ölkə gəncləri ilə görüşdə özlərinin işğalçılıq siyasətilə öyünərək “biz Qarabağı aldıq, Ağrıdağı da siz alacaqsınız” deməklə gələcək nəsilləri də zəhərləyir, ölkəsində yeni aqressorlar ordusunun yaranmasına rəvac verir.

Dünya isə görür və kimin kim olduğunu artıq gizlətmək mümkün deyil, çünki hər kəsin mahiyyəti özünün atdığı addımlarda, dediyi sözlərdə təcəlli tapır...

SAMİRƏ  

Son xəbərlər