12/12/2017 04:55
728 x 90

Prezident çap medianın inkişaf maraqlarına uyğun daha bir addım atdı...

img

Elçin Mirzəbəyli: “Hesab edirəm ki, bu qərar qəzetlərin yükünü kifayət qədər azaldacaq”
Akif Aşırlı: “Qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının fəaliyyətində müsbət yeniliyə səbəb olacaq”

 

Xəbər verildiyi kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad ediləcək. Sözügedən qərar Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə öz əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən, rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu ümumiyyətlə tətbiq olunmayacaq. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub.

Rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, deşilməmiş kartlar və deşilməmiş kağız lentlər, əllə tökülmüş kağız və karton üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

O da məlumdur ki, Azərbaycana qəzet kağızı xaricdən gətirilir. Həm bunun digər ölkələrdən gətirilməsi, həm də idxal olunan zaman tətbiq olunan gömrük rüsumları, istər-istəməz, qəzet kağızının maya dəyərinin bahalaşmasına səbəb olurdu. Bu da, öz növbəsində, çap mediasının xərclərinin artmasına öz təsirini göstərirdi. Bu baxımdan qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının vəziyyətinə necə təsir göstərəcək? Redaktorların sözügedən qərara münasibəti necədir?

Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, bunun çap mediasına müsbət təsiri olacaq: “Bu qərar təkcə çap mediasının deyil, bütövlükdə, digər nəşriyyat və poliqrafiya şirkətlərinin də fəaliyyətinə müsbət təsir göstərəcək. Yəni burada söhbət təkcə qəzetlərdən getmir. Eyni zamanda, hesab edirəm ki, bu qərar qəzetlərin yükünü kifayət qədər azaldacaq. Məlum olduğu kimi, qəzetçiliyin inkişafı üçün böyük vəsait tələb olunur. Bu aspektdən qəbul olunan qərarı, şübhəsiz, Azərbaycan dövlətinin mediaya, xüsusən də mətbuatın klassik siması olan qəzetçiliyə növbəti dəstəyi kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu, qəzetlərin maddi durumuna müsbət təsir göstərəcək”.

Məsələyə münasibət bildirən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da sözügedən qərara müsbət prizmadan yanaşır: “Təbii ki, bu yenilik çap mediasının mövcud durumuna öz töhfəsini verəcək. Qəzet kağızının gömrük rüsumundan azad edilməsi hər zaman diqqət mərkəzində saxladığımız məsələ olub. Biz bununla bağlı bir qrup qəzet redaktoru olaraq ölkə başçısına müraciət etmişdik. Həmin müraciətdə də bildirmişdik ki, qəzet kağızının qiyməti yüksəkdir. Bu, Türkiyə və Rusiya ilə müqayisədə də özünü göstərirdi. Çünki birdən-birə kağızın qiyməti 35-40 faiz qalxmışdı. Ona görə də hesab edirik ki, qəzet kağızının gömrük rüsumundan azad edilməsi çap mediasının fəaliyyətində müsbət yeniliyə səbəb olacaq. Çünki bizim yaradıcılıq məhsulumuz kağızda görünür, oxuculara kağızda təqdim olunur. Bu baxımdan sözügedən yeniliyin müsbət nəticələrə səbəb olacağını düşünür və bu qərarı alqışlayırıq”.

Vidadi ORDAHALLI 

Son xəbərlər