12/12/2017 04:58
728 x 90

Xələf Xələfov Xəzərin hansı prinsiplər əsasında bölündüyünü açıqladı

"Xəzərdəki mübahisəli yataqlarla bağlı beynəlxalq qaydalar tətbiq oluna bilər"

img

"Konvensiyaya əsasən hər hansı dövlət Xəzərdə hərbi gücünü artırırsa, balansı saxlamalıdır"

 

"Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik". APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.

O bildirib ki, hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər.

"Bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçıları tərəfindən verilən impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir", - deyə nazir müavini vurğulayıb.

"Konvensiyaya əsasən, xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur". Bunu da xarici işlər nazirinin müavini deyib.

Nazir müavini qeyd edib ki, dənizin dibi isə tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür.

"Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür", - deyə o vurğulayıb.

"Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq" - deyən X. Xələfov bildirib ki, delimitasiya müzakirə edildikdə neft yataqlarının müzakirəsi məhsuldar deyil: "Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar", - deyə nazir müavini bildirib.

"Konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb. Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparırıq. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir" – X.Xələfov deyib.

Nazir müavini bildirib ki, Xəzər 5 ölkənin hüququ və yurisdiksiyası olan su hövzəsidir.

"Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələrə tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır", - deyə o qeyd edib.

Son xəbərlər