12/12/2017 04:57
728 x 90

Rizvan Vahabov Prezident İlham Əliyevə sonsuz təşəkkür və qırılmaz sədaqət məktubu yazdı...

img

YAP Siyasi Şurasının üzvü, Səbail rayon partiya təşkilatının idarə heyətinin üzvü Rizvan Vahabov Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Tərəqqi” medalı ilə təltif olunub.

Bununla əlaqədar olaraq, Rizvan Vahabov Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli cənab Prezident!

“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında” 18 noyabr 2017-ci il tarixli Sərəncamınızla “Tərəqqi” medalı ilə təltif olunmaq məni inanılmaz dərəcədə qürurlandırdı. Məni bu yüksək təltifə layiq gördüyünüz üçün Sizə səmimi qəlbdən dərin təşəkkürümü bildirir, partiyamızın 25 illik yubileyini qeyd etdiyimiz bu əlamətdar günlərdə Ulu Öndər Heydər Əliyevin silahdaşları olan bizlərə göstərmiş olduğunuz bu yüksək diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının bütün əməkdar təəssübkeşləri adından, şəxsən öz adımdan və ailəmiz adından Sizə ən xoş arzularımı çatdırıram.

Mənə görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevi şəxsən tanımaq və müstəqil Azərbaycan tarixinin ən taleyüklü məqamlarında uzaqgörən rəhbərimizlə birgə işləmək xoşbəxtliyi nəsib olmuşdur. Mən Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak etmişəm. Partiya biletimin nömrəsi 51-dir. Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyamıza uzun illərdir sədaqətlə və şərəflə xidmət göstərmişəm. Bu gün də fəxr edirəm ki, ən çətin dövrlərdə idealları uğrunda mübarizə apardığım hakim partiyanın Siyasi Şurasının üzvüyəm. Bu partiyaya hansısa mənfəət əldə etmək üçün deyil, əqidəmə, mərhum Ümummilli Lider Heydər Əliyevin siyasətini ürəkdən dəstəklədiyim üçün gəlmişəm. Ulu Öndərimizin əbədiyaşar ideyaları ömür boyu mənim həyat amalım, siyasi əqidəm və şəxsi prinsipial mövqeyimin əsas qayəsini təşkil etmişdir. Hətta 1987-ci ildə tutduğum vəzifədən istefa verdikdən sonra da, daim mübarizədə olmuşam. Şərəfli mübarizəmi və partiyamıza, Heydər Əliyev ideyalarına, Sizin siyasətinizə sədaqətlə xidmətimi bu dərəcədə yüksək təltiflə qiymətləndirməyiniz mənim ən böyük mükafatımdır.

Möhtərəm cənab Prezident!

Ulu Öndərimizin və Sizin rəhbərliyinizlə bütün ictimai-siyasi, sosial-iqtisadi istiqamətlər üzrə ölkəmizdə əldə olunmuş nailiyyətlərdə siyasi elitamızın cəmləşdiyi YAP-ın misilsiz xidmətləri və danılmaz töhfələri olmuşdur. YAP fəaliyyət göstərdiyi 25 il ərzində şərəfli inkişaf yolu keçmiş, ildən-ilə istər kəmiyyət, istər keyfiyyət göstəricilərinə görə öz sıralarını əqidəli partiya üzvləri hesabına genişləndirmiş və nəticə etibarilə bu gün, mübaliğəsiz olaraq, Cənubi Qafqazın ən mütəşəkkil siyasi qüvvəsinə və ictimai-siyasi təşkilatına çevrilmişdir. Bu gün ölkə ictimaiyyəti, ziyalılarımız, aparıcı elm-mədəniyyət xadimləri və gənclərimiz arasında partiyamıza olan inam və etimad çox yüksək səviyyədədir. YAP-ın 25 il ərzindəki bu uğurlu fəaliyyəti dahi rəhbərimiz Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” müdrik kəlamının bütün dövrlər üçün aktuallığını qoruduğunu bir daha sübut edir.

Ulu Öndərimiz, müasir Azərbaycanın qurucusu və partiyamızın yaradıcısı Heydər Əliyev Azərbaycanı dünyaya təqdim etdi, Siz isə, cənab Prezident, dahi Heydər Əliyevin ən layiqli siyasi davamçısı kimi doğma Azərbaycanımızı bütün dünyaya tanıtdınız. Sadəcə son aylarda Sizin siyasi iradəniz, siyasi ustalığınız və liderlik bacarığınız sayəsində Azərbaycanın imza atdığı möhtəşəm beynəlxalq layihələr – 14 sentyabr Sazişinin, Bakı-Tbilisi-Qars “Dəmir İpək Yolu”nun işə salınmasını və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi üçün son hazırlıq işlərinin tamamlanma ərəfəsində olması, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın prinsipial mövqeyi, dünyanın ən ali tribunalarında Sizin işğalçı Ermənistana qarşı cəsarətli bəyanatlarınız və ittihamlarınız, eləcə də beynəlxalq təşkilatlarda Azərbaycanın ildən-ilə artan rolu Sizin rəhbərliyiniz ilə ölkəmizin beynəlxalq arenada qazandığı nüfuzun və söz sahibi mövqelərinin ən bariz göstəriciləridir. Bu il neft sənayemizin tarixində daha bir əlamətdar hadisə baş verdi, Azərbaycan neftinin 2 milyardıncı tonu hasil edildi. Möhtəşəm tarixi keçmişi olan neft sənayemizin şərəfli ənənələrinin yaşadılması və Azərbaycanın ildən-ilə daha böyük nailiyyətlərə imza atması, əlbəttə ki, yalnız və yalnız Ulu Öndər Heydər Əliyev və Sizin uğurlu siyasətinizin nəticələridir.

Möhtərəm cənab Prezident!

Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı, partiyamızın sıralarında cəmləşmiş 700 minlik YAP-çılar ordumuz və dövlətçiliyinə, Vətəninə, Prezidentinə yüksək sədaqət duyğuları ilə yetişməkdə olan Azərbaycan gəncliyi Sizin ətrafınızda sıx birləşmişik. Biz Sizin son dərəcə cəsarətli, müstəqil, praqmatik, Azərbaycanın parlaq gələcəyinə hədəflənmiş və milli mənafelərimizə xidmət edən siyasətinizi bundan sonra da qəlbən dəstəkləyəcək və dövlətimizə, Ulu Öndərimiz Heydər Əliyevin əbədiyaşar ideyalarına sədaqətlə, ləyaqətlə və şərəflə xidmət edəcəyik.

Yaşasın qüdrətli Azərbaycan! Yaşasın Heydər Əliyev, İlham Əliyev siyasəti! Yaşasın Yeni Azərbaycan Partiyası!”

Son xəbərlər