24/10/2017 06:11
728 x 90

II Bakı Ticarət Festivalı böyük yeniliklərlə başlayır...

img

II Bakı Ticarət Festivalı bir sıra yeniliklərlə yadda qalacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, budəfəki şopinq festivalı çərçivəsində ilk dəfə xüsusi turpaketlər təqdim ediləcək: "II Bakı Şopinq Festivalı aviabilet, transfer, sığorta, hoteldə qalma, həmçinin mağazalara şopinq turların təşkilinin daxil olduğu turpaketlər təqdim edəcək".

Ə.Qarayevin sözlərinə görə, ötən festivaldan fərqli olaraq, bu dəfə xüsusi dəvət olunmuş ulduzlar olmayacaq: "Bakı Ticarət Festivalı ilə eyni vaxtda caz festivalı keçiriləcək. Buna görə də xarici ulduzların dəvətinə ehtiyac görmədik. Turistlərin stimullaşdırılması üçün lotereyalar da keçiriləcək, Fəvvarələr meydanında isə festivalın fan-zonası fəaliyyət göstərəcək".

Festivala supermarket və apteklər də qoşulacaq

Naziri deyib ki, II Bakı Ticarət Festivalında iştirak etmək üçün qeydiyyatdan 578 şirkət keçib. Nazir bildirib ki, ötən festivalla müqayisədə iştirakçıların 2,8 dəfə artıb: "Əgər ötən festival zamanı 172 şirkət ƏDV qaytarırdısa, budəfəki festival çərçivəsində belə şirkətlərin sayı 467 olacaq. Bundan başqa, bu dəfə ƏDV qaytarmayacaq 111 şirkət qeydiyyatdan keçib, lakin onlar festivalın tərəfdaşıdır. Ötən festivalda belə tərəfdaşların sayı 33 idi".

Ə.Qarayev qeyd edib ki, ilk dəfə II Şopinq Festivalında supermarketlər və apteklər də iştirak edəcək: "Supermarketlərə gəlincə, ƏDV-nin qaytarılmasının ərzaq məhsullarının alışına aidiyyəti olmayacaq".

Payızda turistlərin sayı artacaq

“Azərbaycan payızda ölkəyə gələn turistlərin sayını artırmaq niyyətindədir” deyən nazir bildirib ki, Bakı hər zaman həm yay, həm də qış mövsümündə turistlər arasında populyar yer olub, lakin payızda turist axını bir qədər azalır:

"II Bakı Şopinq Festivalının da əsas işi Azərbaycana payız mövsümündə turist axınının artırılmasıdır. Bildiyiniz kimi, yay mövsümünün yekununa əsasən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Sentyabrda da artım müşahidə olunub, lakin cəmi 8 faiz. Buna görə də biz oktyabr və noyabr aylarında da turistlərin sayını artırmaq istəyirik".

Turistlərə endirim kartları veriləcək

Ə.Qarayev deyib ki, gələn il keçirilməsi nəzərdə tutulan III Bakı Şopinq Festivalı çərçivəsində turistlərə xüsusi endirim kartları təqdim oluna bilər. Nazir bildirib ki, Azərbaycana gələn turistlər bu kartların köməyi ilə ticarət mərkəzlərində xüsusi endirimlər əldə edəcəklər: "Hazırda bu ideya üzərində işləyirik. Məsələni diqqətlə öyrənmək və həmin kartlar üzrə mümkün dövriyyəni təhlil etmək lazımdır".

Ə.Qarayevin sözlərinə görə, 3-cü festivalda daha bir yenilik isə festivalın sponsoru qismində ilk dəfə Azərbaycan bankının çıxış etməsi olacaq: "Biz artıq "Azər Türk Bak"la həmin məsələ üzrə razılıq əldə etmişik".

Festivalda ƏDV-ləri qaytaracaq bankların siyahısı

“II Bakı Ticarət Festivalı zamanı ƏDV-lər 7 bank tərəfindən qaytarılacaq”. Bunu isə Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini deyib: "II Ticarət Festivalı zamanı ƏDV-ləri qaytaracaq bankların sayı 7-ə çatacaq. Bu prosesə daha 2 bank qoşulub - Azərbaycan Beynəlxalq Bankı və "Azər Turk Bank".

Nazir müavinin sözlərinə görə, I Ticarət Festivalı zamanı ƏDV-lər 5 bankın filiallarında həyata keçirilib - "Kapital Bank", "PASHA Bank", "Yapi Kredi Bank Azerbaijan", "Bank Silk Way" və Azərbaycan Sənaye Bankı.

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

Son xəbərlər