24/10/2017 06:06
728 x 90

Naxçıvan Konstitusiyasında yeni dəyişikliklər layihəsi…

“Çox normal və təqdirəlayiqdir”

img

Əliməmməd Nuriyev: “Beləliklə, hüquqda vacib olan qanunda ierarxiyanın qorunması kimi prinsipə tam əməl olundu”

 

Azərbaycan Milli Məclisində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər müzakirəyə çıxarılacaq. Bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Milli Məclisə göndərdiyi konstitusiya layihəsi oktyabrın 20-də plenar iclasda müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən, Naxçıvan MR Konstitusiyasının 8-ci (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) maddəsinin üçüncü hissəsində hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin “seçkilərdə iştirak etmək” hüququ, “seçilmək” hüququ ilə əvəzlənir.

MR Konstitusiyasının 15-ci (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığına namizədlərə aid tələblər) maddəsinə edilən dəyişikliyə əsasən isə, Muxtar Respublikanın Ali Məclisinə seçilən deputata aid tələblərdə minimum 25 yaş məhdudiyyəti ləğv edilir. Bildirilir ki, seçkilərdə iştirak etmək hüququna malik hər bir Azərbaycan vətəndaşı Ali Məclisə deputat seçilə bilər.

Konstitusiyanın 19-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlığından məhrum etmə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi) maddəsinə edilən əlavə bəndlərə görə isə, deputatın mandatdan məhrum etmə tələbi 5-dən 7-ə qaldırılır. Bunlar aşağıdakılardır:

- bu Konstitusiyanın 23-cü maddəsinin II hissəsinin tələbini pozduqda (Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunlar və qərarlar Azərbaycan Respublikasının Konstitusiyası və bu Konstitusiya ilə müəyyən edilmiş qaydada qəbul edilir);

- deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda;

Konstitusiyanın 29-cu (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər) maddəsinə edilən dəyişikliyə görə isə, sədr seçilmək üçün minimum 30 yaş məhdudiyyəti ləğv edilir.

MR Konstitusiyasına edilən digər dəyişikliyə görə isə, Muxtar Respublikanın baş naziri vəzifəsinə tələb olunan minimum 30 yaş məhdudiyyəti, Muxtar Respublikanın Nazirlər Kabinetinə üzvlüyə tələb olunan minimum 25 yaş məhdudiyyəti ləğv olunur. Bunun əvəzinə “Naxçıvan MR Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir” tələbi təsbit edilir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin hansı zərurətdən yaranması ilə bağlı fikirlərini qəzetimizlə bölüşən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə görə, bu dəyişikliklərdə qəribə nələrinsə axtarılması doğru deyil: “MR Konstitusiyasına təklif edilən dəyişikliklər bir qədər əvvəl Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkə Konstitusiyasına edilən dəyişikliklərlə sinxrondur. Orada seçki hüququ ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur. Əsasən 18 yaşına çatan hər bir ölkə vətəndaşının parlamentdə təmsil olunmaq kimi hüququnu müəyyənləşdirir. Yalnız müəyyən istisnaları çıxmaq şərtilə. Qanunvericiliyə görə, bütün subyektlərin qanunları da Azərbaycan Respublikasının qəbul etdiyi Konstitusiyanın müddəaları ilə uyğunlaşdırılmalıdır. MR Ali Məclis sədri, Baş nazir seçilməyə olan tələblərlə bağlı olan yaş məhdudiyyətləri də Azərbaycanın ümumi Konstitusiyası ilə uyğunlaşdırılıb. Burada xüsusi bir məzmun dəyişikliyi və ya bir qədər əvvəl Azərbaycanda keçirilən referendumdan irəli gələn tələblərlə ziddiyyət təşkil edən nəsə görmürəm. Təklif edilən yeniliklərin hamısı Azərbaycan Konstitusiyasına uyğunlaşdırılıb. Məntiqlə də bu baş verməli idi. Hörmətli Vasif Talıbov da məhz bu amilləri nəzərə alaraq belə bir dəyişikliklərin edilməsi təşəbbüsünü irəli sürüb. Çox normal və  təqdirəlayiqdir. Belə olmasaydı, yerli subyektlərin yerləşdirdiyi vəzifəli şəxslərlə bağlı müəyyən tələblər Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil edərdi. Naxçıvan Ali Məclisi tərəfindən belə məsələyə operativ reaksiya verilməsi yalnız bəyənilməlidir. Beləliklə,  hüquqda vacib olan qanunda ierarxiyanın qorunması kimi prinsipə tam əməl olundu”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər