24/10/2017 06:09
728 x 90

“Qarabağ” klubu ilə bağlı olaylar bu bölgənin Azərbaycana məxsusluğu barədə dünyada birmənalı fikrin olduğunu təsdiqlədi…

“Qarabağ” klubu qazandığı uğurlarla həm də sübut edir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır”

img

Ceyhun Məmmədov: “Buna görə də ermənilər özlərinə əlavə əziyyət verib rüsvay olmaq istəmirlər”

 

Ermənilərin bizə aid olan bütün dəyərlərə, abidələrə, folklor nümunələrinə, həta mətbəximizə belə iddia etdiklərinin şahidi olmuşuq. Xüsusilə də bu mövzuları əhatə edən informasiya təbliğatında onlar özlərini daha da həyasızcasına aparırlar. Ancaq bir faktla bağlı onların susqunluq nümayiş etdirməsi düşünməyə əsas verir.

Söhbət Azərbaycan tarixində ilkə imza atan Ağdamın “Qarabağ” adlı futbol klubundan gedir. Məlum olduğu kimi, həmin klub hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edir. “Qarabağ” klubunun yaratdığı bu sensasiyadan, demək olar ki, dünyanın bütün aparıcı media nümunələri yazdı. Ancaq bir dəfə də olsun ermənilər həmin KİV-lərdə “Qarabağ” klubu və onun məxsus olduğu adla bağlı iradlarını bildirmədilər. Dünyanın hər bir yerində güclü təşkilatlanan erməni diasporu da bu mövzuda susqunluq nümayiş etdirdi. Belə nəticəyə gəlmək olar ki, erməni lobbisi  Qarabağ tarixi Azərbaycan torpağı olduğu üçün, bu istiqamətdə aparılan mübarizəni lüzumsuz saymağa başlayıb. Bir növ, bu adla qazanılan uğur onları haqsız iddialardan belə çəkindirib.

Demək istəmirik ki, ermənilər “Qarabağ” klubumuzun adı ilə bağlı hər hansı iddia səsləndirməli idilər. Xeyr! Burada diqqətçəkən incə bir məqam var. Bu da odur ki, ermənilər bu gün dünyada ictimai-diplomatik rəydə Qarabağ sözünün hansı xalqla daha çox assosiasiya təşkil etdiyini yaxşı bilirlər. Yəni bu gün dünya ictimai rəyində Qarabağ regionu və Qarabağ sözünün Azərbaycana məxsusluğu fikri mütləq qalib gəlib. Ermənilər bunun məhz belə olduğunu əla bilirlər. Əgər belə olmasaydı, haqsız iddiaların tarixi ustası olan ermənilər “Qarabağ” klubunun adı ilə bağlı çoxdan iddialı hay-küy salardılar.

İdman  mütəxəssisi Ceyhun Məmmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, idman eyni zamanda böyük bir reklam vasitəsidir: “Bilirsiniz ki, bu reklamdan bütün böyük korparasiyalar, ölkələr maksimum dərəcədə istifadə etməyə çalışır. Bunun maddi tərəfilə yanaşı, siyasi çalarları da mövcuddur. Nə qədər deyilsə ki, idmanla siyasətin əlaqəsi yoxdur, mən bunu tam qəbul etmirəm. Çünki birbaşa olmasa da, hər iki sahə bir-birilə sıx əlaqəlidir. Təsadüfi deyil ki, böyük idman oyunlarının təntənəsi dövlət səviyyəsində qeyd edilir. Bu yalnız bizdə deyil, bütün ölkələrdə belədir. Bundan əlavə, idmançılar qazandıqları uğurla bayrağı qaldırıb himn çaldıra bilirlər. Həmin mənzərəyə isə insanlar ayağa qalxaraq baxırlar. Bütün bunlar idmanın gücünü göstərir. Həmin sevinci bizə yaşadanlardan biri də “Qarabağ” klubu oldu. Azərbaycan tarixində ilk dəfə olaraq həmin komanda Çempionlar Liqasında oynamaq şansını qazandı. İstər-istəməz, bu uğurun sədası bütün dünyaya yayıldı. Bütün bunlar həm də Azərbaycanın təbliği anlamına gəlirdi. Məsələnin başqa bir simvolik tərəfi də var. “Qarabağ” klubu qazandığı uğurlarla həm də sübut edir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Buna görə də ermənilər özlərinə əlavə əziyyət verib rüsvay olmaq istəmirlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər