Warning: opendir(/home/sites/bakixeber/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Baki Xeber - News
20/09/2017 18:50
728 x 90

“26” başqa, “26-lar” tam başqa…, biri rəqəm, digəri tariximizdə cinayətkar erməni izi, bəs Yazıçılar Birliyi niyə belə edir?...

img

Bir neçə gün bundan əvvəl paytaxtın “Sahil” bağı yaxınlığında  fəaliyyət göstərən “26-lar” adlı gecə klubunun bağlanması ətrafında müzakirələr hələ də davam etməkdədir. Təəssüflər olsun ki, bəzi KİV-lər və xaricdə yaşayaraq fəaliyyət göstərən Azərbaycan əsilli blogerlər baş verən hadisənin mahiyyətini dəyişərək, cəmiyyətə tamamilə fərqli rakursdan təqdim edirlər.

Çaşdırıcı mövqe tutan bu kateqoriya insanlar iddia edirlər ki, guya Azərbaycanın əlaqədar qurumları və  xüsusilə də Bakı şəhərinin meri işğalçı bolşevik tör-töküntülərinin adını daşıyan həmin kafenin bağlanmasında böyük yanlışlığa və qanun pozuntusuna yol verib. Xüsusilə də bu məsələdə “26” rəqəmi ətrafında manipulyasiyalar edilir. Hətta bəziləri bir az da irəli gedərək yazırlar ki, guya Azərbaycan hökumətinin 26 rəqəminə allergiyası var, yaxud da “26” rəqəmi rəsmi qadağan edilib və sair… Əvvəla bu cür ciddi siyasi çaları özündə birləşdirən və müstəqil dövlətimiz üçün prinsipial əhəmiyyət daşıyan məsələyə bir rəqəmə olan “allergiya” kontekstindən yanaşmaq doğru deyil. Çünki bu ölkədə və onun hüdudlarından kənarda yaşayanların hamısı bilir ki, Azərbaycanda 26 rəqəmilə bağlı hər hansı bir problem yaşanmır. Bəlkə kimsə indiyə qədər 26 saylı mənzildə yaşadığına görə təqib olunub? Və ya 26 yaşını təmtəraqla qeyd etmək kiməsə qadağan edilib?  Belə hadisələr olmayıb və ola da bilməz!

İndi gəlin görək, fəaliyyəti dayandırılan kafenin əsl adı nə olub. Mətbuatda təqdim olunan rəsmi sənədlərdən və səlahiyyətli şəxslərin verdikləri açıqlamalardan görünür ki, qadınlara pulsuz qəlyan paylayan həmin gecə klubunun adı “26” deyil, “26-lar” olub. Tarixdən anlayışı olmayanlar deyə bilər ki, bu iki ad arasında elə bir prinsipial fərq yoxdur. Ancaq belə deyil. Birinci adi sıradan olan ikiədədli rəqəmdir. İkinci isə Azərbaycan tarixinə böyük ləkə və zərbə vuran bir təşkilatın və ya cinayətkar qrupun adıdır. Yəni hansısa Azərbaycan gəncinin, hətta məmurunun “26-lar” adına nifrət etməsi tam normal sayıla bilər. Çünki həmin qurumun adı Azərbaycan tarixinə münasibətdə yaxşı heç nə iləsə assosiasiya olunmur.

Həmin adda gecə klubunun bağlanmasına etiraz edən və 26 rəqəmi ətrafında bütün müdafiə taktikasını quranların diqqətinə başqa bir faktı da çatdırmaq yerinə düşər. Bağlanan gecə klubunun fəaliyyət göstərdiyi əraziyə diqqət edək. Keçmişdə “26-lar”ın adını daşıyan və onların xüsusi heykəlinin olduğu parkın ətrafında olan kafenin eyni adla fəaliyyət göstərməsini təsadüfi saymaq olarmı? Təbii ki, yox!

İndi gəlin başqa vacib bir məqama diqqət edək. Araşdırmalardan sonra məlum olub ki, həmin  obyekt Yazıçılar Birliyinin tabeliyində olan binada fəaliyyət göstərirmiş.Yazıçılar öz idarələrinin bir hissəsini icarəyə vermələrini kasıbçılıq faktoru ilə əsaslandırırlar. Olsun! Bəs necə olur ki, həmin gecə klubu ilə müqavilə bağlananda onların diqqətini “26-lar” adı cəlb etməyib? Bir də bəyəm Azərbaycanın qaymaq ziyalılarını öz ətrafında birləşdirən  bir qurum  öz yerini başqa bir  abırlı fəaliyyət üçün icarəyə verə bilmirdi ki, indi bu qalmaqalda bolşeviklərə xas olan ad altında qızlarımıza pulsuz qəlyan paylayan əxlaqsızları müdafiə etmək zorunda qalıb? Əslində, kimisə müdafiə etmək pis yerə yozula bilməz. Bəli, ziyalının borcudir ki, haqq yolunda dara düşəni, hüququ tapdalananı müdafiə etsin. Ancaq burada mənzərə tamam fərqlidir axı.

Nə qədər qəribə olsa da, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun bağladığı “26-lar” kafesinin müdafiəsini tamamilə əsassız arqumentlər üzərində qurmalı olub. Gəlin dünya şöhrətli yazıçının bu xüsusda mətbutda gedən fikirlərilə tanış olaq: “Hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur. Yazıçılar Birliyinin rəhbərliyindən heç kimin “26” restoranına aidiyyəti yoxdur! Şadlıq evi və ya restoran açmağı özünə başqa cür gəlirləri olan insanlar rəva görə bilər. "26" rəqəmi bizim bəzi məmurları xoflandırıb! Amma bu restoran artıq neçə ildir ki, fəaliyyət göstərir!

Cümə axşamı günü tarixçilərdən biri həmin rəqəmə irad tutub və bir gün sonra restoranın sahibinə təklif edilib ki, “26” adını dəyişsin. O da razılaşıb”. 

Çingiz Abdullayev məsələnin qalmaqal səviyyəsinə çatdırılmasından narazılıq edib: “Sonradan baş verənləri bütün dünya bilir! Çoxmilyonlu şəhərin meri polis zabitləri ilə gəlir, kafeni bağlayır və mebeli oradan çıxarmağa başlayır. Deyirlər, bu oğlanı tutacaqlar? Maraqlıdır, hansı maddəyə əsasən? Məhkəmənin qərarı olmadan özəl sahibkarın mebelini necə sındırıb müsadirə etmək olar? Onu necə tutmaq olar?”

Yazıçılar Birliyinin katibi onu da əlavə edib ki, artıq İsraildə, ABŞ-da, Rusiyada camaat bu olaya gülür. 

“Ayın 26-da anadan olanlara tarixi dəyişməyi, avtomaşınlarda, avtobuslarda 26 rəqəmini dəyişməyi təklif edirlər. Ardını şərh etməyəcəyəm. Yoxsa aludə olaram!”, - deyə o bildirib.

Göründüyü kimi, Yazıçılar Birliyi bu məsələdə birmənalı olaraq bolşevik və erməni tarixini rəmzləşdirən obyektin sahiblərini müdafiə edir. Hətta buna beynəlxalq bir rəng də qataraq bizim qınandığımızı bildirir. Qəribə məntiqdir. Belə çıxır ki, biz məhz yazıçıların yaxşı yaşaması üçün istənilən adla orada fəaliyyət göstərən biabırçılığa göz yummalıyiq ki, dünya bizi qınayar?

Ən maraqlı detallardan biri də budur ki, həmin obyektin sahibləri indiyə kimi bu olayla bağlı çıxıb KİV-lərə obyektin adının niyə elə seçilməsilə bağlı müfəssəl açıqlama verməyiblər. Hər halda, belə olsaydı, Anar, Çingiz Abdullayev kimi dəyərli ziyalılarımız bu hadisəyə birmənalı qarşılanmayan münasibət bildirmək zorunda qalmazdılar.

KİV-lərin apardığı araşdırmalardan o da məlum olub ki, sən demə, “26-lar”ı işlədən sahibkar şəhərin başqa yerlərində də əxlaqsızlıq yuvaları işlədirmiş. “Xəzərxəbər”in verdiyi məlumata görə, söhbət eyni sahibkarın işlətdiyi "Hollywood cinema club" şəbəkəsinin Badamdar 77 ünvanında yerləşən klubundan gedir.
Həmin ünvanda yaşayan sakinlər deyirlər ki, kluba gələnlər əsasən cinsi azlıqların nümayəndələridir. İddialara görə, klub "cinema" adı altında fəaliyyət göstərsə də, əslində, içəridə baş verən gizli məqamlar da var. Belə bir klubun yaşayış məntəqələrinin yaxınlığında fəaliyyət göstərməsi isə insanları çox narahat edir.

Jurnalistlər iddialar əsasında həmin məkana daxil olub. Klubun sahibi Əliyar Qasımovdan məkanın fəaliyyəti barədə məlumat öyrəniblər. Əliyar Qasımov deyib ki, bütün müştərilərə eyni münasibət göstərirlər. Yəni kiməsə xarakterinə görə kluba girməyə qadağa qoya bilməzlər.
Bəli, Azərbaycan tolerant ölkədir, buna baxmayaraq, həm də bir Şərq ölkəsi kimi milli dəyərlərinə bağlı bir xalqdır. Odur ki, bu tip insanların belə ictimai yerlərdə əylənməsi birmənalı qarşılanmır.

Milliyyətçi  baxışları ilə tanınan siyasətçi  Samir Adıgözəlli mövzu ilə bağlı qəzetimizə bildirdi ki, həmin hadisədən çox təəccüblənib: “Biz belə adda bir gecə klubunun fəaliyyət göstərdiyini bilmirdik. “26-lar” bu ölkəyə az qan uddurub ki, hələ onların adlarını reklam edirlər? Belə məlumatımız olsaydı, həmin klubun qarşısında ilk etiraz aksiyasını biz keçirəcəkdik. Bu günlər ərzində məlum olub ki, sən demə, həmin məkanı açan sahibkar paytaxta başqa obyektləri də eyni profil üzrə işlədirmiş. Yazıçılar Birliyininisə belə bir biabırçılığa şərait yaratması məni daha da təəccübləndirir. Biz bu cür məsələlərdə ziyalılarımıza güvəndiyimiz halda, onlar belə  adamların müdafiəsinə qalxır. Bu məsələdə hesab edirəm ki, əlaqədar qurumlar tamamilə doğru addım atıb və mən onları tam dəstəkləyirəm”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər