23/11/2017 00:33
728 x 90

Azərbaycan bütün İslam dünyasının elmi-texnoloji inkişafı üçün nə edə bilər?

“Hesab edirəm ki, Azərbaycan İslam ölkələrində elm və texnologiyanın inkişafına töhfə verə bilər”

img

Məhərrəm Zülfüqarlı: “Yəni biz Avropa təhsilinin, mədəniyyətinin Şərq ölkələrinə öyrədilməsində bilavasitə iştirak edə bilərik”

 

Məlum olduğu kimi, sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və texnologiya üzrə Birinci Sammiti işə başlayıb. İslam Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə Birinci Sammiti Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.

Sammitdə prezident Nursultan Nazarbayev İslam ölkələrində elm və texnologiyanın inkişaf etdirilməsi üçün “G-20” formatında beynəlxalq forumun yaradılmasının vacibliyini qeyd edib. Qazaxıstan dövlətinin başçısı bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini bildirib və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrdə cəmiyyətin tərəqqisində mühüm rol oynayan elm və texnologiyanın İslam ölkələrində inkişaf etdirilməsinə həsr olunan sammitin önəmini vurğulayıb. Türkiyənin son illər elm və texnologiya sahəsində təhsil imkanlarının genişləndirilməsinə, mühüm proqram və tədbirlərin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini deyən Ərdoğan ölkəsində İƏT-ə üzv dövlətlərdən 9500 tələbənin təhsil aldığını qeyd edib. İslam aləmində son dövrdə yaşanan proseslərin müsəlman ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi zərurətini ortaya çıxardığını deyən Ərdoğan elm və texnologiyanın inkişaf etdirilməsi məqsədilə irəli sürülən təşəbbüslərə siyasi dəstəyin verilməsinin vacibliyini bildirib.

Sammitdə çıxş edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda elm və müasir texnologiyalar sürətlə inkişaf edir: “Azərbaycan sürətlə inkişaf edən ölkədir. Son 14 il ərzində ölkəmizin ümumdaxili məhsulu üç dəfədən çox artmışdır. Bir milyon 600 min iş yeri yaradılmışdır. Yoxsulluq beş faiz səviyyəsinə düşmüşdür. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir. Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.

Bütün bu deyilənlərin fonunda, İslam ölkələrində elm və texnologiyaların inkişafında Azərbaycan nə kimi rol oynaya bilər?

Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycan bu sahədə müəyyən faydalı rol oynaya bilər: “Çünki Azərbaycan Qərblə Şərqin sərhədində yerləşir və ilk demokratik respublika bizdə olub. Yəni biz Avropa təhsilinin, mədəniyyətinin Şərq ölkələrinə öyrədilməsində bilavasitə iştirak edə bilərik. Məsələn, Azərbaycanda Baloniya sistemi tətbiq olunur, amma digər İslam ölkələrində bu tətbiq olunmur. Ona görə də bu sahədə Azərbaycanın böyük rolu ola bilər. Nəzərə almaq lazımdır ki, İslam ölkələrində elmi-texnoloji inkişaf səviyyəsi Qərb ölkələri ilə müqayisədə aşağı səviyyədədir. Elə ölkələr var ki, orada bu sahə lap aşağı səviyyədə inkişaf edib. Azərbaycanda son dövrlər elmin inkişafına diqqət artırılır. Eyni zamanda, bu sahə üzrə Azərbaycanın potensialı var. O baxımdan hesab edirəm ki, Azərbaycan İslam ölkələrində elm və texnologiyanın inkişafına töhfə verə bilər”.

Vidadi ORDAHALLI 

Son xəbərlər