21/07/2017 22:37
728 x 90

Vüqar Səfərli yeni binanın açılışını gözləyən jurnalistləri sevindirdi

Həm də azı iki xəbərlə…

img

Jurnalistlər üçün tikilmiş yeni binada evlərin verilməsi tam şəffaflıqla həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) craçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, binada ev almaq üçün edilən müraciətlər müvafiq komissiya tərəfindən araşdırılıb: "Bilirsiniz ki, bu prosesdə şəffaflığı təmin etmək üçün komissiya yaradıldı. Komissiyanın sədri də mənəm. Mayın 22-dən iyunun 22-nə qədər sənədlər qəbul olundu. Buna qədər də bir çox sənədlər Prezident Administrasiyasında qəbul olunmuşdu. Ümumilikdə Fonda 850 sənəd daxil olmuşdu. Amma Prezident Administrasiyasına daxil olan sənədlərlə birlikdə 2000-dən artıq sənəd qəbul olunub. 1000-ə yaxın sənəd demək olar ki təkrarlanan sənəd idi. Eyni zamanda mətbuata aid olmayan insanların sənədləri var idi ki, onlar seleksiya olundu. Qalan min sənəd, hansı ki uyğun gəlir, onlara yenidən baxıldı və 255 nəfər müəyyənləşdirilib".

V.Səfərli bildirib ki, iyulun 21-də binanın açılışı olacaq və həmin gün evlərin sahibləri elan olunacaq: "Ötən dəfəkindən fərqli olaraq, bu dəfə veteran jurnalistlər də nəzərə alınıb. Əlavə olaraq, ailə başçısını itirmiş jurnalistlər var ki, onların ailələri müraciət edib, onlar da nəzərə alınıb. Yəni bu məsələlər tam şəffaf həyata keçirilib".

Binadan ev ala bilməyənlərin şikayəti məsələsinə münasibət bildirən KİVDF rəhbəri qeyd edib ki, müraciətlər həddindən çox olduğundan prosesdə bəzi kriteriyalara üstünlük verilib: "Hamı hesab edir ki, ev almalıdır. Evin sayı 255-dir, amma müraciət edənlərin sayı 2000-dən artıqdır. Ona görə də bu prosesdə tam şəffaf olaraq jurnalistlərin xidmətləri, iş təcrübəsi nəzərə alınıb. Biz kriteriyalarda qeyd eləmişdik ki, 3 il fasiləsiz iş təcrübəsi olmalıdir. Biz komissiyada baxdıq ki, bu məsələ çox narazılıq yaradır və onu yalnız redaksiyalara və televiziyalara şamil etdik. Qalan jurnalistlərə də şərait yaratdıq ki, onlar fərdi qaydada müraciət etsinlər".

"Mənzil veriləcək jurnalistlərin namizədliyinin müəyyən olunması zamanı biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlik bizə hər bir jurnalist haqqında arayış verdi. Həmin arayış bizim işimizə çox yaradı. Məlum oldu ki, bir qrup jurnalistin hesabında bir manat vəsait yoxdur". APA-nın xəbərinə görə, bunu da Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

O qeyd edib ki, redaksiyalarda qanuni əmək müqavilələri olmadığından jurnalistlər aldadılır, aldığı əmək haqqından sosial hesaba ödəniş edilmir: "Bunun əsas səbəbi nədir? Onlar 22 faiz sosial müdafiə vəsaiti ödəməkdən qaçırlar. Ancaq biləsiniz ki, işə götürülən zaman məlumat nazirliyin bazasına daxil olmalıdır. Hər bir jurnalist işlədiyi yerdə öz hüquqlarını tələb etməlidir. Biz növbəti ildən fondun qaydalarına əlavə və dəyişikliklər edəcəyik. Bizdən maliyyələşən qəzetlərdən müqavilələrin surətlərini istəyəcəyik. Qaydalarda o da göstəriləcək ki, gündəlik və həftəlik qəzetdə neçə nəfər işləməlidir. İşçilərin müqavilələrini onlardan tələb edəcəyik ki, bu da jurnalistə böyük kömək olacaq. Elə jurnalist var, 20 ildir çalışır, amma rəsmi olaraq beş il stajı yoxdur. Onlar sonradan bunun zərərini çəkirlər".

Vüqar Səfərli qeyd edib ki, iyulun 21-də üçüncü binanın təməlqoyma mərasimi olacaq: "Mən istəyirəm ki, jurnalistlər qeyd etdiyim məsələlərdə diqqətli olsunlar ki, növbəti il bölgüdən kənarda qalmasınlar".

Son xəbərlər