21/07/2017 22:41
728 x 90

Azərbaycan Rusiyanın Suriyadakı təcrübəsinin bizim regionda da tətbiqini nəzərdən keçirir

Zakir Həsənov: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar heç bir nəticə vermir”

img

“Azərbaycana Rusiya silahlarının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib”

“Azərbaycan Ermənistanda yerləşdirilən “İsgəndər” raketlərini vura biləcək silahlara malikdir”

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar heç bir nəticə vermir, döyüş zonasında gərginlik artır. Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

O bildirib: “Son illərdə döyüş zonasında, erməni qoşunlarının Azərbaycan qoşunlarının qarşısında yerləşdiyi mövqelərdə gərginlik artan xətt üzrə davam edir. Bunun bir səbəbi var: Azərbaycan torpaqlarının işğalı. Qalanları bunun nəticəsidir. İşğal olunan ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir”.

Nazirin sözlərinə görə, Dağlıq Qarabağda qarşıdurma xəttində vəziyyət qəlizləşir və bu bəzən lokal döyüşlərə çevrilir. “Bu, normal haldır. İki düşmən ordu üz-üzə durduğu müddətdə bu baş verəcək. Amma zərbə məqsədyönlü şəkildə dinc sakinlərə vurulursa, bu, artıq cinayətdir”.

Rəsmi Bakı Rusiyanın Suriyadakı əməliyyat təcrübəsini öyrənir və RF Müdafiə Nazirliyinə öz regionuna aid məlumatların təqdim edilməsi məsələsinə baxır. Bunu da Azərbaycanın müdafiə naziri deyib.

Z.Həsənov qeyd edib ki, dünyada hərbçilərin bütün son hərbi münaqişələrin nəticələrini öyrənməsi praktikası var: "Bu, həm uğurla, həm də uğursuzluqla nəticələnə bilər. Təbii ki, biz Rusiyanın Suriyadakı döyüş fəaliyyəti təcrübəsini öyrənirik. Mütəxəssislərlə təcrübə mübadiləsi aparılır. Biz dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışıq".

Z.Həsənov deyib ki, Rusiyadan tankların, “Smerç” reaktiv yaylım atəşi sistemlərinin və “Msta-S” qurğularının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib, Bakı ödənişləri yerinə yetirib və silahlar uğurla tətbiq edilir.

Qeyd edək ki, Rusiyadan yeni silahların Azərbaycana iyun ayında çatdırıldığı məlumat verilmişdi.

Müdafiə naziri Z.Həsənov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanda yerləşdirilən “İsgəndər” komplekslərinin raketlərini vura biləcək silahlara malik olduğunu da deyib.

O qeyd edib: “Mən müdafiə naziri olaraq bəyan edirəm ki. biz bu raketləri vura bilərik. Bizdə həmin raketlərin sayı 50 dəfə çoxdur. Sözlərimə görə tam məsuliyyət daşıyıram. Əgər onlar həmin silahı tətbiq etsələr, təsəvvür edin, infrastruktur və hərbi obyektlərə cavab atəşi necə olacaq?!”

Nazirin sözlərinə görə, dünyada qoşunların yeridilməsinin bir neçə taktikası mövcuddur: "İsgəndər" yaxşı raketdir. Lakin bir neçə məsələ var. Birincisi, "İsgəndər"in bir çox növü var. İkincisi, həmin "İsgəndər" hansı vəziyyətdədir? Üçüncüsü, bu "İsgəndər"i kim idarə edir? Dördüncüsü, onu tətbiq etməyi bacaracaqlarmı? Biz hərbçi kimi, hər zaman ən pis varianta baxırıq, buna hazırıq. Sizə yuxarıda bəhs etdiyim raketlər Rusiyadan alınmayıb, amma keyfiyyətcə geri qalmır. Sizə deyə bilərəm ki, vəziyyəti modelləşdirib döyüş atışları həyata keçirmişik. Nəticə əladır! Bu gün biz əminik ki, yaşayış məntəqələrimizi və Silahlı Qüvvələrimizi müdafiə edə biləcəyik".

Azərbaycan Silahlı Qüvvələrinin maliyyələşdirilməsi 2017-ci ildə 17-20% artıb. Bunu da Z.Həsənov deyib.

Nazir deyib: "Baxmayaraq ki, indi bütün dünya böhran yaşayır, bu böhran bizdən də yan keçməsə də, ölkəmizə elə böyük təsiri olmayıb. Məni müdafiə naziri kimi ordunun maliyyələşdirilməsi maraqlandırır. Ötən il ordunun maliyyələşdirilməsi artıb. Bu il maliyyələşdirilmə 17-20% artıb. Bu onu göstərir ki, Prezident və Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan hökuməti orduya, onun yeni silahlarla təchiz olunmasına böyük diqqət ayırır. Son illər qarşımızda qoyulan vəzifə ordunu modernləşdirmək və gücləndirmək olub".

Son xəbərlər