21/07/2017 22:28
728 x 90

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həyat Fondunun təqdimat mərasimində iştirak edib

img

Bakıda yeni yaradılan Həyat Fondunun təqdimatı keçirilib. Trend-in məlumatına görə, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və digər qonaqlar iştirak ediblər.

Həyat Fondunun təsisçisi Hacı Nuran bildirib ki, fondun təsis edilməsində məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir istiqamət verməkdir.

O qeyd edib ki, yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, effektiv çatdırmaq fondun fəaliyyətinin əsasını təşkil edəcək.

H.Nuranın sözlərinə görə, Həyat Fondu yardımsevər insanların ianələri vasitəsilə maliyyələşdiriləcək və fonda ianə vermək bir neçə vasitə ilə mümkün olacaq: “Bütün mobil operatorlardan 999 qısa nömrəsinə zəng və SMS vasitəsilə, poçt, bank və ödəniş aparatları ilə, eləcə də fondun rəsmi internet səhifəsinə daxil olmaqla nəzərdə tutulan müvafiq bölmədən fondun və ya birbaşa ehtiyac sahiblərinin hesabına ödəmələr etməklə yardım etmək mümkün olacaq”.

O əlavə edib ki, ehtiyacı olan insanlar Həyat Fondunun internet səhifəsinə daxil olaraq (www.heyat.az), orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər: “Eyni zamanda, ənənəvi məktub formasında müraciət etmək mümkün olacaq”.

H.Nuran qeyd edib ki, Həyat Fondunun həftədə bir dəfə olmaqla, ATV telekanalında verilişinin yayımlanması da nəzərdə tutulub: “Veriliş yardıma ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, Həyat Fondunun dəstəyi ilə həyata keçirilmiş işlərin ictimaiyyətə çatdırılması məqsədini daşıyır”.

Daha sonra tədbirdə çıxış edən M.Quliyev fondun yaradılmasının əhəmiyyətli bir hadisə olduğunu vurğulayıb.

O bildirib ki, bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsidir: “Ötən əsrin 90-cı illərində səriştəsiz insanların hakimiyyətdə olması səbəbindən Azərbaycan dağılmaq təhlükəsi ilə üz-üzə idi. Lakin xalqın tələbi və təkidi ilə ümummilli lider Azərbaycana qayıdı və səriştəli insanları öz ətrafına toplayaraq, Azərbaycanı qısa bir müddətdə dağılmaq təhlükəsindən xilas edərək bu inkişafa gətirib çıxardı. Bu gün Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bu da Azərbaycan üçün təntənəli bir bayramdır. Bu gün azərbaycanlılar aktivdirlər, bacarıqlıdırlar və dünyanın nəbzini tuturlar. Çox sevindirici haldır ki, Azərbaycanda belə bir fond yaradılır. Şübhə yoxdur ki, fond qısa bir müddətdə ehtiyacı olan insanlara yardım edəcək”.

Son xəbərlər