24/03/2019 03:51
728 x 90

346 nəfərin ölümünə səbəb olan “Boeing 737 Max 8” təyyarələrinin uçuşunu dayandıran ölkələrin sayı sürətlə artır

img

İndoneziya ardınca Efiopiyada eyni tipli iki sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 346 nəfərin ölümündən sonra bir sıra ölkələr “Boeing 737 Max” təyyarələrindən istifadəni dayandırıb.

Baki-xeber.com xəbər verir ki, bir neçə gün öncə Əddis-Əbəbədən Keniyanın paytaxtı Nayrobiyə uçuş edən “Boeing 737 Max 8” Efiopiyada qəzaya uğrayıb. Göyərtədə olan 149 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.

2018-ci il istehsallı təyyarənin eyni modeli 2018-ci ilin oktyabrında da qəzaya uğramışdı. İndoneziya hava yollarına aid “Boeing 737 Max 8” tipli təyyarənin dənizə düşməsi nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həlak olmuşdu.

“Boeing 737 Max 8”in qarışdığı son qəzadan sonra, aralarında Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Braziliya, Çin və Argentinanın da olduğu bir çox ölkə hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boeing 737 MAX-8” tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirib. Britaniya və Norveç isə öz hava sahəsini də bu təyyarələrə bağladığını bildirib. Avropa Aviasiya İdarəsi isə Avropa hava sahəsinin “Boeing 737 MAX 8” təyyarəsinin uçuşlarına bağlandığını bəyan edib.

ABŞ prezidenti Donald Tramp da “Boeing 737 Max 8” təyarələrinin uçuşlarının dayandırıldığını vıə bir müddət istifadə edilməyəcəyini deyib.

Bundan əvvəl onlarla ölkənin “Boeing 737 MAX 8” uçuşuna qadağa qoymasına baxmayaraq, Birləşmiş Ştatların Federal Aviasiya Administrasiyası təyyarənin istehsalçısına uçuşu təmin edən proqramı təkmilləşdirməklə bağlı göstəriş verib. Federal Aviasiya Administrasiyası “737 MAX 8” təyyarəsinin uçuş üçün təhlükəsiz olduğunu elan edib və “Boeing”in reaktiv təyyarənin uçuşu təmin edən proqramı aprel ayına qədər təkmilləşdirməsinə göstəriş verdiyini bildirib. Lakin Respublikaçı senator Mit Romni də daxil edilməklə, bir neçə senator Birləşmiş Ştatlar rəsmilərini bu təyyarənin uçuşuna qadağa qoymağa çağırıb: “Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən və sağlam düşüncəyə görə daha çox informasiya alana qədər bu təyyarənin uçuşuna qadağa qoyulmalı olduğunu düşünürəm.”

Demokrat senator Elizabet Vorren isə bir az da irəli gedərək, Konqresi Tramp administrasiyasının Amerikanın bu aviasiya nəhəngini qoruyub-qorumadığı ilə bağlı təhqiqat aparmağa çağırıb.

Qeyd edək ki, “Boeing 737 MAX 8” tipli sərnişin təyyarəsi martın 10-u Əddis-Əbəbədən Keniyanın paytaxtı Nayrobiyə uçuş edərkən Efiopiyada qəzaya uğrayıb. 149 sərnişin və 8 ekipaj üzvünün həlak olduğu qəzanın rəsmi səbəbləri məlum deyil. Təyyarə göyə qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb. Hadisədən öncə pilot texniki problemin olması barədə dispetçerə məlumat verərək, hava limanına enmək üçün icazə alıb.

Efiopiya qəzanın səbəblərini araşdırmaq üçün təyyarənin qara qutusunu Avropaya göndərəcəyini açıqlayıb.

2018-ci ilin oktyabrında İndoneziyada eyni növ təyyarə uçuşunun 13-ü dəqiqəsində yerə dəyib. Verilən məlumatlara görə, 189 nəfərin həlak olduğu qəzaya səbəb Boeing 737 təyyarələrində yeni kompüterləşdirilmiş idarəetmə sistemi olub.

Göyərtədə olan uçuş qeydinə əsasən, uçuşdan 11 dəqiqə sonra ekipaj burunu aşağı çəkən sistemlə mübarizə aparmağa çalışıb, təyyarənin sensorları idarəetmə sisteminə yanlış məlumatları ötürüb.

Müstəntiqlər təyyarənin ən azı 20 dəfə aşağı çəkildiyini və hər dəfə pilotların təyyarəni tarama gətirdiyini iddia edirlər. Buna baxmayaraq, uçuşun 13-cü dəqiqəsində pilotlar nəzarəti itirib və təyyarə təxminən 724 km/saat sürətlə dənizə düşüb.

Avia şirkətdə sistemlərin təlimatlarında bu cür vəziyyətlər üçün göstərişlər və həmçinin bu sistemi söndürmək üçün təlimatların olduğu qeyd edilib.

Son xəbərlər