18/03/2019 18:38
728 x 90

Rusiya S-400-lərinin Türkiyəyə təhvil verilmə tarixi yaxınlaşdıqca ABŞ-ın Ankaraya təhdidləri daha da artır

img

ABŞ Rusiyadan alınan S-400 raket sisteminə görə, Türkiyəni yenidən təhdid edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Çarlz Sammers mətbuat konfransında Türkiyə ilə bağlı açıqlamalar verib.

Pentaqon sözçüsü, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə etmə sistemləri almasının iki ölkənin hərbi əlaqələri baxımından ağır nəticələri olacağını deyib. Onun sözlərinə görə, bu vəziyyətdə Türkiyə F-35 döyüş təyyarələri və “Patriot” sistemləri ala bilməyəcək. "Türkiyə, S-400 alsa bunun hərbi əlaqələrimiz baxımından ağır nəticələri olacaq. F-35 və “Patriot” almaları da müzakirə edilməyəcək " – deyə bildirib.

Bir jurnalistin, "Bir NATO müttəfiqi haqqında "ağır nəticələrə səbəb olacaq" ifadələri ilə nə demək istəyirsiz?" sualına, Sammers əvvəlki sözlərini təkrarlayıb: "F-35 və “Patriot” ala bilməyəcəklər, mən bunu demək istəyirəm".

ABŞ bir neçə gün əvvəl də Rusiyadan S-400 alan Türkiyəni təhdid etmişdi. Pentaqon sözçüsü Erik Pahon "Rusiyadan S-400 almağın Vaşinqton ilə Ankara arasında əməkdaşlıq üçün mühüm nəticələri olacağı ilə bağlı Türkiyəni xəbərdar etmişik. Türkiyənin hava müdafiə sistemini möhkəmləndirmək istəyini anlayırıq, ancaq Türkiyənin S-400 alması ABŞ ilə Türkiyənin müdafiə sahəsində əməkdaşlıq üçün ağır nəticələr doğuracaq" - bildirib.

Pentaqon sözçüsü deyib ki, müdafiə ehtiyaclarının ödənilməsi üçün Türkiyənin daha uyğun alternativlər tapmasına yardımçı olmaq üçün çalışırlar: "Amma, eyni zamanda S-400 almasının geniş nəticələri olacağı barədə də xəbərdarlıq edirik. Bu barədə açıq dialoqu davam etdiririk və daha əvvəl mühüm müdafiə sistemlərinin alınmasının NATO çərçivəsində uyğunluğun təmin olunmasının vacibliyini vurğulamışdıq".

İki gün əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, sözügedən məsələdə geri addım atmayacaqlar. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz: "Hər şey razılaşdırılıb, kredit şərtlərindən birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq".

Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını da istisna etməyib.

Son xəbərlər