23/01/2019 18:28
728 x 90

Avroittifaq İrana yeni sanksiyalar tətbiq etdi

img

Avropa İttifaqı İran İslam Respublikasına tətbiq olunan sanksiyaların sırasını genişləndirib.

Baki-xeber.com-un xəbərinə görə, bir il də müddəti uzadılan sanksiyalar paketinə daha iki İran vətəndaşı, həmçinin islam ölkəsinin kəşfiyyat və təhlükəsizlik nazirliyi strukturu əlavə olunub. Bu barədə Avroittifaqın rəsmi jurnalında dərc olunan xəbərdə deyilir.

“Sözügedən addım Avropa ərazisinə bu yaxınlarda hücum cəhdinə cavab olaraq atılıb”- açıqlamada bildirilir.

Bundan əlavə, Avroittifaq əvvəlki sanksiyaları gözdən keçirərək onların müddətini də uzadıb. Hazırda sanksiyalar paketində 15 fiziki şəxs, 21 qrup və struktur yer alıb.

Açıqlamada o da xatırladılır ki, hazırkı sanksiya rejimi heç bir halda daha öncə İranın nüvə proqramı ilə bağlı tətbiq olunan sanksiyalarla əlaqəli deyil.

Xatırladaq ki, ötən ilin noyabrında Aİ ölkələrinin XİN rəhbərləri Brüssel toplantısında Danimarkada baş verən qalmaqalla bağlı İrana qarşı sanksiyalar siyahısına yenidən baxmaq barədə razılıq əldə etmişdi. Belə ki, o zaman Danimarka İran xüsusi xidmətini ölkəsində qanunsuz fəaliyyətdə ittiham edərək Tehrandakı səfirini geri çağırmışdı. Buna səbəbsə həmin ərəfədə Danimarka kəşfiyyatının İran xüsusi xidmətinin Danimarka ərazisində sui-qəsd hazırladığı barədə xəbərdarlıq etməsi olmuşdu. Öz növbəsində Tehran bu ittihamları rədd etmiş, İran XİN ölkəsinin xüsusi xidmət orqanlarının Danimarkada qanunsuz fəaliyyətilə bağlı deyilənlərə etiraz olaraq protest vermişdi.

Son xəbərlər