11/12/2018 11:54
728 x 90

ABŞ Rusiyaya qarşı Qara dənizə hərbi gəmilər göndərməyə hazırlaşır

img

ABŞ Rusiya ilə Ukrayna arasındakı gərginliklə əlaqədar Qara dənizə hərbi gəmilər göndərməyi planlaşdırır. Baki-xeber.com xəbər verir ki, bu barədə Amerikanın CNN televiziyası məlumat yayıb.

Telekanal Pentaqondakı (ABŞ Müdafiə Nazirliyi) mənbələrə istinadən bildirir ki, bu addım Ukrayna ilə Rusiya arasında Azov dənizindəki böhrana cavab olaraq atılacaq.

Telekanal bildirib ki, Pentaqon ABŞ Dövlət Departamentindən bu barədə Türkiyəyə bildiriş göndərilməsini xahiş edib. ABŞ Montrö Boğazlar Müqaviləsi çərçivəsində Türkiyədən boğazlardan Qara dənizə döyüş gəmilərinin keçidi üçün icazə istəyb.

Aralıq və Qara dənizləri birləşdirən Bosfor və Dardanel boğazları Türkiyənin yurisdiksiyasına daxildir və buradan xarici gəmilərin keçməsinə Türkiyə icazə verməlidir. Belə bir icazənin alınması üçün 15 gün əvvəl bildiriş göndərilməlidir.

CNN bu xəbərləri adlarını çəkmədiyi üç ABŞ rəsmisinə istinadən yayıb. Bu mənbələrdən ikisi bildirir ki, qərar hələ tam qətiləşdirilməyib və söhbət yalnız bir hərbi gəminin boğazlardan keçidindən gedir.

ABŞ 6-cı Donanmasının sözçüsü kapitan Kayl Reyns CNN-ə deyib ki, donanma öz nəzarət zonasına düşən dənizlərdə təhlükəsizlik və sabitliyin qorunması üçün vaxtaşırı əməliyyatlar keçirir: "Beynəlxalq qanun və normalar bizə sərbəst əməliyyat aparmaq hüququ verir”.

Mövzu ilə bağlı Anadolu Agentliyinə (AA) açıqlama verən Pentaqon sözçülərindən Erik Pahon Amerika döyüş gəmilərinin göndərilməsi və yerləri barədə hər hansı məlumat verə bilməyəcəyini deyib: “ABŞ Montrö Konvensiyası çərçivəsindəki öhdəliklərinə tamamilə bağlıdır. Xüsusi diplomatik danışıqların da məzmununu hələlik açıqlamırıq".

Qeyd edək ki, ABŞ hər il bir neçə dəfə Montrö Konvensiyası çərçivəsində Türkiyədən keçid istəsə də, bunlardan yalnız bir neçəsinə icazə verilib.

Qara dəniz ABŞ-ın Avropa Komandanlığı (EUCOM) və 6-cı donanmasının xidmət bölgəsində yer alır.

Son xəbərlər