15/12/2018 16:11
728 x 90

Türkiyə Kaşıqçı cinayətinə görə Səudiyyə şahzadəsinin iki keçmiş müşavirinin həbsinə qərar verdi

ABŞ senatorları cinayətin arxasında şahzadəsinin durduğuna əmindir

img

Türkiyə məhkəməsi İstanbulda qətlə yetirilən “Washington Post” qəzetinin yazarı Camal Kaşıqçı cinayətilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın iki keçmiş müşavirinin həbsinə dair qərar çıxarıb.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə kral hökumətinin keçmiş müşaviri Səud Əl-Kahtani və kəşfiyyat agentliyinin direktorunun keçmiş müavini Əhməd Əl-Assirinin həbsinə dair order verib.

İstanbulun baş prokurorunun məhkəməyə təqdim etdiyi sənəddə səudiyyəli müşavirlərin qətlin planlaşdırılmasına cəlb edildiyinə dair “ciddi şübhələrin” olduğu bildirilir.

“Reuters”ə açıqlama verən adının açıqlanmasını istəməyən Türkiyə rəsmisi isə hadisə ilə əlaqəli bütün şübhəlilər Türkiyəyə veriləcəyi halda, beynəlxalq ictimaiyyətin narahatlıqlarına son qoyulacağını deyib.

Qeyd edək ki, Türkiyə Səudiyyə Ərəbistanından 15 nəfərlik sui-qəsd qrupunun üzvləri də daxil olmaqla, 18 şübhəlinin ekstradisiyasına çalışır. Ankara hökuməti məhkəmənin Türkiyədə keçirilməsinin prosesin şəffaflığı və hesabatlılığını təmin edə biləcəyini və Səudiyyənin isə təhqiqatla tam əməkdaşlıq etmədiyini bildirir.

ABŞ-da yaşayan Camal Kaşıqçı şahzadə Məhəmməd bin Salman və Ər-Riyadın Yəməndə hərbi müdaxiləsinin kəskin tənqidçilərindən biri olub. O, türkiyəli nişanlısı ilə evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə oktyabrın 2-də İstanbuldakı konsulluğa gedib və uzun müddətdən sonra onun konsulluqda öldürüldüyü məlum olub. Onun cəsədi tapılmayıb və Türkiyə dəfələrlə Səudiyyə Ərəbistanı rəsmilərindən cəsədin yox edilməsində iştirak edildiyi güman edilən yerli əməliyyatçının şəxsiyyəti ilə bağlı məlumat vermələrini tələb edib.

ABŞ kəşfyyatının qiymətləndirməsi və ekspertlərin fikirlərinə əsasən, qətlin vəliəhdin xəbəri olmadan baş verməsi mümkün görünmür.

ABŞ-ın nüfuzlu senatorları da prezident Donald Trampın vəliəhdə qarşı dəlillərin inandırıcı olmadığı ilə bağlı mövqeyini rədd edərək, səudiyyəli jurnalist Kaşıqçının Ər-Riyadın İstanbuldakı konsulluğunda qətlinin arxasında Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın durduğuna dair kifayət qədər dəlil olduğunu bildiriblər.

Senatın Xarici Əlaqələr komitəsinin respublikaçı sədri Bob Korker bildirib ki, əgər vəliəhd məhkəmə qarşısına çıxarılsa, o, 30 dəqiqə içində məhkum olunar. Senator bu açıqlamanı Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelin ABŞ təhqiqatçılarının Kaşıqçının qətli ilə bağlı topladığı dəlillərlə bağlı komitə üzvlərini məlumatlandırdığı dinləmədən sonra verib.

Senatda daha bir nüfuzlu respublikaçı, Cənubi Karolina ştatının senatoru Lindsi Qraham isə ABŞ-ın Səudiyyə Ərəbistanına uzun zamandır ayırdığı yardımı nəzərdə tutaraq bildirib ki, “mənim üçün artıq biznes bitib”. Qraham deyib ki, o, Haspellə dinləməyə Kaşıqçının vəliəhdin xəbəri olmadan qətlə yetirilməsinin mümkün olmadığına inanaraq gedib və dinləmə bitəndə bu qiymətləndirmənin düzgün olduğuna tam əmin olub.

Haspellə dinləmə keçən həftə dövlət katibi Mayk Pompeo və müdafiə naziri Cim Mattisin jurnalistin qətli ilə əlaqədar senatorlarla Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakı olmadan keçən brifinqindən sonra keçirilib. Pompeo və Mattis prezident Trampın qətlə görə məsuliyyət məsələsinin qeyri-müəyyən olduğuna dair iddiasını dəstəkləyib.

Tramp dünyanın ən böyük neft ixracatçısı və Yaxın Şərqdə İranın aqressiyasının qarşısını almaqda ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanına dəstəyin davam edəcəyini bəyan edib: “Əgər biz Səudiyyə Ərəbistanını tərk etsək, böyük səhvə yol vermiş olarıq. Biz Səudiyyə Ərəbistanı ilə birlikdəyik. Biz Səudiyyə Ərəbistanı ilə bir dayanırıq”.

Tramp Kaşıqçının qətlini pisləyib və deyib ki, vəliəhdin bu faciəli hadisədən xəbəri olduğu mümkündür. Lakin Tramp vəliəhdin qətli sifariş edib-etmədiyi məsələsində şübhələrini bildirərək, “bəlkə edib, bəlkə də etməyib” deyib. ABŞ lideri bildirib ki, nə olursa-olsun, Amerikanın Ər-Riyadla biznes əlaqələri və ABŞ və Səudiyyə Ərəbistanı arasında İrana qarşı hərbi əməkdaşlıq vəliəhdin Kaşıqçının qətli ilə əlaqədar qarşılaşdığı qınaqlara üstün gəlir.

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Mişel Baçelet isə səudiyyəli dissident jurnalist Kaşıqçının qətli ilə əlaqədar beynəlxalq təhqiqatın aparılmasına ehtiyac olduğunu bildirib.

Son xəbərlər