11/12/2018 11:41
728 x 90

Rusiya Azov dənizindəki Ukrayna limanlarına giriş-çıxışları qismən açdı

img

Ukrayna Rusiyanın Azov dənizindəki bəzi limanlara Ukrayna gəmilərinin çıxışına imkan yaratdığını bildirib.

Ukraynanın infrastruktur naziri Volodımır Omelyan Berdıansk and Mariupol limanların qismən açıldığını və gəmilərin Kerç boğazından Ukrayna limanlarına yol aldığını deyib.

Nazir onu da əlavə edib ki, limanlar gələn bir neçə gün ərzində tam açılacaq.

ABŞ isə hətta qismən bağlanmanın qəbuledilməz olduğunu bildirib. Rəsmi Vaşinqton bunun beynəlxalq qanunlar və Rusiyanın Ukrayna ilə əldə etdiyi keçid razılığı şərtlərinə zidd olduğunu bəyan edib.

NATO-nun 29 üzv ölkəsinin xarici işlər nazirlərinin Brüssel toplantısında da Kerç böhranı müzakirə edilib.

ABŞ dövlət katibi Mayk Pompeo ilə Brüsseldə səfərdə olan Dövlət Departamenti rəsmiləri mətbuata bildirib ki, bunu bir uğur kimi dəyərləndirmək olmaz.

Qara dənizin təhlükəsizliyi ilə bağlı Brüssel görüşündə rəsmilər Rusiyanın Krımın ilhaqı və Kerç boğazındakı əməlləri hərbi eskalasiya olduğunu və bunun beynəlxalq qanunlar və dəniz azadlığına zidd adlandırıb.

ABŞ və onun avropalı müttəfiqləri noyabrın 25-də Rusiyanın Ukrayna gəmilərini saxlaması ilə yaranmış gərgin durumu yaxından izləyir.

Dövlət Departamentinin rəsmiləri Amerikanın bu əməlinə görə Rusiyaya qarşı mümkün cavab tədbirlərinin nəzərdən keçirildiyini bildirib.

Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı “Ukraynanın Azov dənizindəki limanlarına maneəsiz girişə, hərəkət azadlığına icazə verməyə” çağırıb.

Stoltenberq deyib ki, Ukraynanın hərbi və mülki gəmilərinin “Kerç boğazı və Azov dənizində hərəkət etmək hüququ var”.

Rusiya ilə Ukrayna arasında gərginliklər Moskvanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq etməsi və ölkənin şərqindəki separatçıları dəstəkləməsi ilə baş qaldırıb.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Moskvanın Krımla “quru dəhlizi” yaratmağa çalışması iddiaları “absurd”dur.

Son xəbərlər