18/11/2018 23:22
728 x 90

ABŞ-ın BMT-dəki səfirindən Rusiya, İran və Əsədə İdlib xəbərdarlığı - “...nəticələri dəhşətli olacaq”

“...Türkiyə bunu keçən həftə başa düşdü”

img

BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas Rusiyanın tələbilə, Türkiyə İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putinin Tehran zirvəsinin nəticələri və İdlibdəki vəziyyətlə əlaqədar keçirilib.

Toplantıda çıxış edən ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Rusiya və Bəşər Əsəd rejiminin İdlibdə 100-dən çox hava hərəkatı keçirdiyini deyib: "Rusiya, İran və Əsəd rejimi İdliblə bağlı siyasi həll axtarışında deyillər. Türkiyə bunu keçən həftə başa düşdü. Ankara İdlibdə atəşkəs istədi, amma Rusiya və İran Türkiyənin bu təklifini qəbul etmədilər”.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli deyib ki, Birləşmiş Ştatlar Suriyanın İdlib bölgəsində hər hansı genişmiqyaslı əməliyyatı müharibədə düşünülməmiş bir şəkildə gərginliyin artırılması kimi nəzərdən keçirəcək. O, Rusiyanı İdlibdə fəlakətin qarşısını almağa çağırıb: “Rusiya İdlibdə fəlakətin qarşısını almaq gücünə malikdir. Onlar qətlləri dayandırmaq gücünə malikdir”.

“Rusiya, İran və Əsəd İdlibi dağıdır və bizim bunu sülh adlandırmağımızı istəyir. Lakin reallıq budur: Astana uğursuzluğa uğrayıb. Zorakılığı dayandıra bilməyib və siyasi həll yolunu tapmağı bacarmayıb” - deyə, Heyli bildirib.

ABŞ-ın səfiri potensial hərbi eskalasiyanın gücləndirilməsi ilə bağlı xəbərdarlıq edib. O, Rusia və İran tərəfindən dəstəklənən Bəşar Əsəd rejiminin bu yolu davam etdirdiyi halda bunun nəticələrinin dəhşətli olacağını deyib.

Heyli həmçinin Vaşinqtonun kimyəvi silahlardan istifadə edilməsinə tolerantlıq göstərməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzia isə Tehran görüşünün nəticələri barədə Təhlükəsizlik Şurası üzvlərini məlumatlandırıb. O, İdlibdə on minlərlə “əl Nusra” və İŞİD üzvlərinin olduğunu qeyd edərək Rusiya, İran və Türkiyəninb Suriyada terrörçuların təmizlənməsi məsələsində həmfikir olduqlarını deyib.

Rusiya nümayəndəsi toplantı iştirakçısı ölkələrə müraciət edərək, siyasi həll yolu tərəfdarı olan silahlı müxalifləri dərhal terrorçulardan ayırmağa ehtiyac olduğunu deyib.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Pirs isə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Wall Street Journal” qəzetində İdlib ilə əlaqədar qələmə aldığı məqaləyə istinad edərək “Prezident Ərdoğanla tam şərikik” deyib: “Əsəd rejimi və Rusiyanın İdlibə hücum etməsi ya da, Türkiyənin terrorçuları ayırd edib onlarla mübarizə aparması arasında bir seçim etməliyik. Türkiyənin İdliblə bağlı bir planı var, müxaliflər terrorçularla mübarizə apararsa rejim onlara hücum etməyəcək. Şuranın bunu müzakirə etməsi gərəkir”.

Qeyd edək ki, İdlibdə təxminən üç milyon insanın yaşadığı bildirilir. BMT dəfələrlə hərbi eskalasiyanın fəlakətə gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq edib. BMT bildirib ki, üsyançıların son istinadgahı olan İdlibdə genişmiqyaslı hücum 1 milyon uşaq daxil olmaqla, bölgədə yaşayan təxminən 3 milyon insanın həyatını risq qarşısında qoyur.

Bir daha xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında iclas Rusiyanın müraciəti əsasında çağırılıb. Görüşdə Astana qarantorları və “troika” kimi tanınan Rusiya, İran və Türkiyə liderlərinin keçən həftə zirvə görüşünün nəticələri ilə bağlı məlumat verilib. Bu ölkələr Suriyada dörd de-eskalasiya zonasının yaradılmasını təklif edir. Buraya, İdlib, Hama, Şərqi Quta və Suriyanın cənubu daxildir. İdlibdən başqa bütün üç bölgə artıq Suriya rejiminin nəzatərinə qaytarılıb.

Son xəbərlər