12/12/2017 04:57
728 x 90

Tramp dünyanı ayağa qaldıran Qüds qərarını açıqladı, Yaxın Şərqdə böyük qarşıdurma xəbərdarlıqları ard-arda gəldi… - YENİLƏNDİ

img

ABŞ prezidenti Donald Tramp gözlənilən Qüds qərarını açıqlayıb. Baki-xeber.com xəbər verir ki, bütün dünyada televiziyaların canlı yayımladığı çıxışında Tramp, Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını rəsmən açıqlayıb və bununla bağlı qərarı da canlı yayımda imzalayıb.

ABŞ-ın Yaxın Şərqdəki sülh prosesinə bağlı olduğunu iddia edən Tramp, 22 il boyunca bütün ABŞ prezidentlərinin Qüds qərarını təxirə saldığını xatırladıb.

"Qüdsü İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib. Bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıyırıq" – deyən ABŞ prezidenti artıq Tel Əvivdəki səfirliyin də Qüdsə köçürülməsi təlimatını verdiyini bildirib.

Yaxın Şərqdə sülh üçün əlindən gələn hər şeyi edəcəyini deyən Tramp, bunu necə reallaşdıracağını isə açıqlamayıb.

Trampın qərarından əvvəl ABŞ Dövlət Departamenti vətəndaşlarına 20 dekabra kimi Qüdsə getməməyə çağırıb.

Bununla da, ABŞ, tarixdə Qüdsü İsrailin paytaxtı kimi tanıyan ilk ölkə oldu. Bundan əvvəl açıqlama verən Fələstinin İngiltərədəki nümayəndəsi Manuel Həsən bildirib ki, Trampın Qüdsə dair ABŞ siyasətini dəyişməsi "iki dövlət" prinsipinə son qoyacaq və "müharibə elanı" deməkdir. O, Trampın Yaxın Şərqdə müsəlmanlar və xristianlara qarşı savaş açdığını deyib: "Tramp Yaxın Şərqdə Qüdsün İsrailin nəzarəti altında olmasını qəbul etməyən müsəlmanlar və xristianlara qarşı savaş açdı".

Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanat bir sıra ölkədə sərt tənqidlə qarşılanıb. Çin, İngiltərə, Türkiyə, Rusiya, İran, Avropa Birliyi, Fransa, İsveç, Səudiyyə Ərəbistanı, Mərakeş, İraq, Suriya, Tunis və Qətər kimi ölkələr açıq şəkildə Trampın qərarına qarşı çıxırlar. Onlar bölgənin böyük bir müharibə meydanına çevriləcəyinə dair xəbərdarlıqlar edirlər. Katoliklərin lideri Papa da Qüdsün mövcud vəziyyətinə hörmət etməyin vacibliyini deyib.

Almaniya ABŞ-ın planının Yaxın Şərqdə qarşıdurmaları başlada biləcəyi ilə bağlı xəbərdarlıq edib. Xarici İşlər Nazirliyi Fələstin və İsrailə səyahət edən Almaniya vətəndaşlarını diqqətli olmağa çağırıb. İsveçin Xarici İşlər Nazirliyi isə ABŞ-ın qərarının fəlakət olduğunu deyib.

İsrailin “Haaretz” qəzeti "Prezident Tramp, Qüds məsələsində bizə hər hansı yaxşılıq etmə" başlığı ilə dərc etdiyi yazıda, İsrailin Qüdsdə baş verə biləcək qarşıdurmalarla bağlı hazırlıqlara başladığını bildirir.

Fələstin, İordaniya və Mərakeşin tələbilə Ərəb Birliyinin də xarici işlər nazirləri səviyyəsində fövqəladə iclası çağırılıb.

Trampın qərarından sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvitter” səhifəsində Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb. “Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir”, - M.Çavuşoğlu yazıb.

Rusiya isə Fələstinin yanında olduğunu bəyan edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanınması ilə bağlı bəyanat yayıb. Baş katib bildiri ki, Qüdsü məsələsi iki ölkə arasında danışıqlar yolu ilə həll olunmalı bir məsələdir.

Guterres bildirib ki, Qüdsün iki dövlətli həll variantının alternativi yoxdur: “...heç bir “B” planı yoxdur".

İran Xarici İşlər Nazirliyi isə ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Tel- Əvivdən Qüdsə  köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib. APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilir.

Bəyanatda bildirilib ki, müsəlmanların ilk qibləsi Məscid-Əqsanın yerləşdiyi Qüds şəhəri  Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi özəlliyə malikdir.

"İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirərək, bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin Fələstinin və Qüdsün  işğalına son qoymaq üçün, eləcədə Fələstin xalqının əsaslı hüquqlarının təmini  məsuliyyətini dərk etməyə çağırır", bəyanatda deyilir.

Böyük Britaniyanın baş naziri Tereza Mey də bəyan edib ki, ölkəsi Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil. “Biz ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyinin Qüdsə köçürülməsi ilə razı deyilik.  Hesab edirik ki, qərar regionda nizamlanma prosesi baxımından faydalı olmayacaq. Böyük Britaniyanın İsraildəki səfirliyi Tel-Əvivdə yerləşir və onun köçürülməsi planlarımıza daxil deyil”, deyə T.Mey bildirib.

Fransa prezidenti Emmanuel Makron da ABŞ-ın qərarını dəstəkləmədiklərini bəyan edib.

Qeyd edək ki, 1995-ci il qanununa əsasən ABŞ-ın İsraildəki səfirliyi Qüdsə köçürülməlidir, lakin qanun prezidentə bu addımı milli təhlükəsizlik səbəbilə hər altı ay uzatmaq səlahiyyəti verir. Hər altı aydan bir ertələnən bu məsələ Trampın seçki vədləri sərasında da yer alırdı.

Bu günə qədər heç bir ölkə Qüdsü İsrailin paytaxtı tanımayıb. Müsəlman, xristian və yəhudilər üçün müqəddəs sayılan Qüds həm də İsrail-Fələstin danışıqlarının mübahisəli hissəsidir. 1993-cü ildə imzalanmış Oslo sülh müqaviləsinə görə, Qüdsün yekun statusu sülh danışıqlarının gələcək mərhələlərində müzakirə olunmalıdır.

Hazırda Qüdsün 850 minə yaxın əhalisi var. Sakinlərin 37 faizi ərəb, 61 faizi isə yəhudidir.

Qüds duyanın ən qədim şəhərlərindəndir. O, müxtəlif dövlətlərin tərkibində olub. 1517-ci ildən 1917-ci ilədək şəhərə Osmanlı İmperiyası nəzarət edib.

Qüds müsəlman, yəhudi və xristianlar tərəfindən müqəddəs sayılan yerlərə sahibdir. Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri Həram əs-Şərif məscidinin yerləşdiyi müqəddəs məbədgah kompleksidir. Buraya, İslam dünyası üçün əhəmiyyətinə görə 3-cü ibadət yeri sayılan əl-Aqsa məscidi də daxildir.

Eynilə burada yəhudilərin ən müqəddəs saydığı Ağlama Divarı və xristianların Müqəddəs Məzar Məbədi yerləşir.

Son xəbərlər