26/06/2017 00:55
728 x 90

Tillersonla Lavrov razılığa gəldi, ABŞ və Rusiya maraqları üst-üstə düşəndə əməkdaşlıq edəcək

img

ABŞ-ın dövlət katibi Rex Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrova deyib ki, Moskva və Donald Tramp administrasiyası arasında əməkdaşlıq istənirsə, onda Kreml özünün Ukraynada sülhün bərqərar edilməsinə dair öhdəliklərinə əməl etməlidir.

“Azadlıq radiosu” xəbər verir ki, Almaniyanın Bonn şəhərində keçirilən görüşdə Tillerson Lavrova deyib ki, Birləşmiş Ştatlar Rusiya ilə “Amerika xalqını mənfəətləndirən praktik sahələr tapıldıqda” əməkdaşlıq etməyə hazırdır.

Bununla belə, ABŞ dövlət katibi deyib ki, Vaşinqton və Moskva arasında hər hansı məsələyə dair fikir ixtilafı olduqda, Birləşmiş Ştatlar özünün və müttəfiqlərinin maraqlarından çıxış edəcək. Tillerson habelə deyib ki, ortaq əməkdaşlıq zəmininin yaradılması üçün Tramp administrasiyası Rusiyanın Ukraynadakı zorakılığın dayandırılması məqsədilə Minsk razılaşmasına əsasən götürdüyü öhdəlikləri icra etməsini gözləyir.

Bu görüşü şərh edərkən Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, Tillerson-Lavrov görüşü Birləşmiş Ştatların öz müfttəfiqlərinə sədaqətli qaldığına zərrə qədər də şübhə yeri qoymur.

Tillerson-Lavrov görüşü G20 qrupu xarici işlər nazirlərinin Bonn şəhərində keçirilən müşavirəsinin əsnasında yer alıb. Lavrov görüşdən sonra bildirib ki, onlar Suriya, Ukrayna və Əfqanıstan kimi məsələləri müzakirə ediblər və maraqlar üst-üstə düşəndə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Lakin o əlavə edib ki, bütün fikir ixtilafları bir dəfəyə həll oluna bilməz.

Lavrov həmçinin bildirib ki, Tillerson Rusiyaya qarşı Vaşinqtonun sanksiyaları məsələsini müzakirə etməyib. O güman etdiyini deyib ki, tezliklə Tramp və Putin arasında görüş ola bilər. Lakin “İnterfax” Putinin müşavirlərindən birinə istinadən xəbər verir ki, Putin-Tramp görüşü barədə “nə razılaşma, nə də aydın anlaşma olmayıb”.

Son xəbərlər